REGİONLAR
ADAU-da ikili diplom proqramının icrasının mövcud vəziyyəti və qarşıda duran vəzifələr müzakirə edilib
![](/files/galleryphoto/2022/2/1200x630/16522825656251145176_1200x630.jpg)
![](/files/galleryphoto/2022/2/1200x630/16522825655387661610_1200x630.jpg)
![](/files/galleryphoto/2022/2/1200x630/16522825654569529416_1200x630.jpg)
![](/files/galleryphoto/2022/2/1200x630/1652282565300033529_1200x630.jpg)
![](/files/galleryphoto/2022/2/1200x630/1652282565317815961_1200x630.jpg)
![](/files/galleryphoto/2022/2/1200x630/16522825653643418823_1200x630.jpg)
Gəncə, 11 may, Elcan Məmmədov, AZƏRTAC
Azərbaycan Dövlət Aqrar Universiteti (ADAU) və Türkiyənin Ege Universiteti arasında icra olunan beynəlxalq ikili diplom proqramının rəhbər komitəsinin növbəti iclası keçirilib.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, iclasın məqsədi ikili diplom proqramının icrasının mövcud vəziyyəti və qarşıda duran vəzifələrin müzakirəsi olub.
Tədbirdə ADAU-nun rektoru, AMEA-nın müxbir üzvü, professor İbrahim Cəfərov, Ege Universitetinin rektoru, professor Necdet Budak, Ege Universitetinin Kənd təsərrüfatı fakültəsinin dekanı, professor Banu Yücel, Qida mühəndisliyi kafedrasının müdiri, professor Şebnem Tavman, Qida mühəndisliyi kafedrasının əməkdaşı, professor İlkin Şüngün, ikili diplom proqramı çərçivəsində ADAU-da dərs tədris edən Ege Universitetinin alimləri və universitet rəhbərliyi iştirak edib.
İbrahim Cəfərov çıxışında Ege Universitetinin rektorunun rəhbərlik etdiyi nümayəndə heyətini Aqrar Universitetdə görməkdən məmnunluq duyduğunu ifadə edib. Rektor birgə elmi-tədqiqat işlərinin və araşdırmaların aparılmasının vacibliyini diqqətə çatdırıb. Bildirib ki, ikili diplom proqramı çərçivəsində təhsil alan tələbələr gələcəkdə ölkəmizin kənd təsərrüfatına mühüm töhfələr verəcək.
Sonra qarşıda duran məsələlər və təkliflər barədə fikirlər səsləndirilib.
Ege Universitetinin rektoru Necdet Budak Azərbaycan Dövlət Aqrar Universitetində olmaqdan məmnun olduğunu bildirib və ikili diplom proqramının icrasını yüksək qiymətləndirib. Qeyd edib ki, Ege Universiteti ilə Azərbaycan Dövlət Aqrar Universiteti arasında sıx əməkdaşlıq əlaqələri mövcuddur.
Sonda ikili diplom proqramı çərçivəsində ADAU-da dərs tədris edən Ege Universitetinin bir qrup müəllimi fikirlərini bölüşüb, təkliflərini səsləndiriblər.