ADMİU nəzdində Humanitar Kollecin bədii kollektivi Ağdamda konsert proqramı ilə çıxış edib
Ağdam, 24 sentyabr, AZƏRTAC
Heydər Əliyev Fondu və Mədəniyyət Nazirliyinin təşkilatçılığı ilə keçirilən Üzeyir Hacıbəyli XVIII Beynəlxalq Musiqi Festivalı çərçivəsində Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin (ADMİU) nəzdində Humanitar Kollecin bədii kollektivinin Ağdam şəhərində konserti olub.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, əvvəlcə Azərbaycanın Dövlət Himni səsləndirilib, şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Tədbirdə çıxış edən Humanitar Kollecin direktoru Nərmin Qaralova dahi bəstəkar, peşəkar musiqi sənətimizin və milli operamızın banisi Üzeyir Hacıbəylinin şərəfli ömür yolundan, həyat və yaradıcılığı haqqında məlumat verib, milli musiqi mədəniyyətinin inkişafında əvəzsiz xidmətlərindən, dünya musiqi sənətinə verdiyi töhfələrdən danışıb.
Sonra kollecin müəllim və tələbələrinin ifasında “Çahargah kompozisiyası”, “Ritm kompozisiyası”, Üzeyir Hacıbəylinin “Koroğlu” operasından parçalar, “Sevgili canan”, “Çırpınırdı qara dəniz”, “Arşın mal alan” operettasından “Gülçöhrənin ariyası”, Cahangir Cahangirovun “Cənnətim Qarabağ”, Arif Səlimovun “Azərbaycan”, Tofiq Quliyevin “Sevgi valsı”, “Dərviş Parisi partladır” kinofilmindən musiqi, “Məhəbbət çırağı”, Nəriman Əzimovun “İntizar” əsərləri, “Gözəlləmə” və “Bilal Şəşəngisi” havaları, “Segah təsnifi” və xalq mahnısı “Bağçada gül” səsləndirilib.
Müxbir – Tahir Ağaməmmədov