ELM VƏ TƏHSİL
ADPU-da türkologiyanın reallıqları, problemləri və perspektivləri müzakirə edilib
Bakı, 20 may, AZƏRTAC
Mayın 20-də Azərbaycan Dövlət Pedaqoji Universitetində (ADPU) “Türkologiya: reallıqlar, problemlər, perspektivlər” mövzusunda respublika elmi konfransı keçirilib.
AZƏRTAC xəbər verir ki, konfransı giriş sözü ilə açan ADPU-nun rektoru, professor Cəfər Cəfərov ölkədə türkologiya ilə bağlı müxtəlif tədbirlərin keçirilməsinin əhəmiyyətindən danışıb. Qeyd edib ki, türk xalqlarının birliyini özündə ehtiva edən türkologiya elmi ictimaiyyət tərəfindən rəğbətlə qarşılanır. Konfrans bu sahədə olan ən son yeniliklərin ortaya qoyulmasına və qarşıda duran vəzifələrin müəyyənləşdirilməsinə müsbət təsir edəcək.
Sonra filologiya fakültəsinin dekanı, professor Mahirə Hüseynova “Türkologiyanın aktual problemləri”, müasir Azərbaycan dili kafedrasının müdiri, professor Buludxan Xəlilov “Türkologiyanın reallıqları və perspektivləri” mövzularında məruzələrlə çıxış ediblər.
Məruzələrdə qeyd edilib ki, türkoloji düşüncənin tarixi qədimdir. Dövlətimiz türkoloji məsələlərə böyük dəyər verir. Müasir dövrümüzdə türkdilli xalqlar arasında sosial-iqtisadi, mədəni əlaqələr genişlənir, türkoloqlar tərəfindən dil sahəsindəki əlaqələrə vaxtaşırı nəzər salınır və inteqrasiyaya, ümumtürk dilləri arasında uyğunlaşmaya və özünəqayıdışa güclü diqqət yetirilir. Son illər türkdilli xalqların arasında inkişaf edən iqtisadi və siyasi-mədəni əlaqələr, mənəvi yaxınlaşma ortaq türk dili ideyasının gerçəkləşməsinə təkan verən amillərdən biridir. Türkdilli xalqlarla əlaqələri genişləndirməyi zaman tələb edir. Müasir türkologiyanın qarşısında dayanan əsas vəzifələrdən biri öz inkişaf tarixində müəyyən səbəblər ucbatından bir-birindən ayrılmış və uzaq düşmüş türk xalqlarının dillərinin oxşar və fərqli cəhətləri barədə çoxlu sayda aktual mövzuların müəyyənləşdirilməsi, milli, mədəni, siyasi və ideoloji baxımdan böyük önəm daşıyacaq bu mövzular üzərində elmi araşdırmaların aparılmasına istiqamət verilməsidir.
ADPU-nun elm və innovasiyalar üzrə prorektoru, professor Asəf Zamanov, Azərbaycan dilçiliyi kafedrasının müdiri, professor Nizami Xudiyev çıxış edərək türkologiyanın hərtərəfli inkişafı ilə bağlı fikirlərini bölüşüblər.
Sonra konfrans öz işini 3 bölmədə davam etdirib. Bölmə iclaslarında “Türk dillərinin fonetik, leksik, qrammatik quruluşu və müqayisəsi”, “Ortaq türk dili və əlifbası”, “Türk dillərinin tarixi və dialektləri” mövzularında müzakirələr aparılıb və 52 məruzə dinlənilib.
Konfransın yekun iclasında bölmə rəhbərlərinin hesabatları dinlənilib, müvafiq qərarlar qəbul edilib.