ELM VƏ TƏHSİL
ADPU-da Vətən müharibəsi qaziləri ilə görüş keçirilib
Bakı, 7 noyabr, AZƏRTAC
Azərbaycan Respublikasının Gənclər Fondunun dəstəyi, Böyük Qayıdış Gənclər Təşkilatı İctimai Birliyinin və Azərbaycan Dövlət Pedaqoji Universiteti Tələbə Gənclər Təşkilatının (ADPU TGT) birgə təşkilatçılığı ilə Pedaqoji Universitetdə Zəfər Gününə həsr olunmuş görüş keçirilib.
Bu barədə AZƏRTAC-a universitetdən məlumat verilib.
Tədbir Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi ilə başlanıb. Vətən uğrunda şəhidlik zirvəsinə ucalan qəhrəmanların xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Açılış nitqi ilə çıxış edən ADPU TGT-nin sədri Təhmasib İmaməliyev qalib xalqın vətəndaşları olmağımızdan qürur duyduğumuzu qeyd edib, qazilərimizlə fəxr etdiyimizi vurğulayıb.
Böyük Qayıdış Gənclər Təşkilatı İctimai Birliyinin sədri Nail Şükürov bildirib ki, qazandığımız böyük Qələbə, Vətən müharibəsində həyata keçirilən siyasət və bu siyasətin uğuru hər bir gəncin diqqətlə öyrənməli olduğu önəmli məqamlardandır.
İctimai Birliyin İdarə Heyətinin üzvü, Aprel döyüşləri qazisi, Xüsusi Təyinatlı Qüvvələrin ehtiyatda olan baş leytenantı Əhliyət Mehdiyev vurğulayıb ki, bizim Qarabağa qayıdışımız milli şüurumuza qayıdışımızdır. O, həmçinin şəhid ailələrinə olan diqqəti, bu istiqamətdə keçirilən ictimai layihələri xüsusi qeyd edib.
Tədbirin gedişində ADPU-nun beynəlxalq əlaqələr üzrə prorektorluğunun nəzdində fəaliyyət göstərən Türkoloji Mərkəzin Türk tarixi bölməsinin müdiri dosent Dəyanət Musayev tarix boyu Azərbaycanda, xüsusilə Qarabağ ərazisində baş verən hadisələr və xalqımızın haqsızlığa qarşı mübarizəsindən bəhs edib.
Aprel döyüşlərinin iştirakçısı, mayor Elşad Təhməzov, Vətən müharibəsi qazisi, kapitan Hüseynalı Hüseynalıyev və Xüsusi Təyinatlı Qüvvələrin zabiti Şəmsəddin Qurbanov də öz təəssüratlarını, Zəfər xatirələrini bölüşdülər.