ADPU Elmi şurasının yeni tədris ili üçün ilk iclası
Bakı, 15 sentyabr, AZƏRTAC
Azərbaycan Dövlət Pedaqoji Universitetinin (ADPU) Elmi şurasının yeni tədris ili üçün ilk iclası keçirilib.
ADPU-dan AZƏRTAC-a bildirilib ki, iclasda universitetin 2026-2027-ci tədris ilinə hazırlıq vəziyyəti, cari il üçün tələbə qəbulunun nəticələri, magistratura və doktorantura səviyyələri üzrə qəbul göstəriciləri, eləcə də cari məsələlər müzakirə olunub.
Pedaqoji Universitetin rektoru professor Cəfər Cəfərov yeni tədris ilinin universitetin qarşısında mühüm vəzifələr qoyduğunu diqqətə çatdırıb və gündəlikdə duran məsələlərin əhəmiyyətini qeyd edib.
Tədris işləri üzrə prorektor dosent Eldar Aslanov 2025-2026-cı tədris ilinin yay semestrinin nəticələri, tələbə yerdəyişmələri, məzunların məşğulluq göstəriciləri, əvvəlki qəbul kampaniyasının nəticələri və yeni tədris ilinə hazırlıq istiqamətində görülən işlər barədə məlumat verib.
İctimaiyyətlə əlaqələr və marketinq şöbəsinin müdiri Taleh Mirzəyevin 2026-2027-ci tədris ili üzrə tələbə qəbulu ilə bağlı analitik təqdimatla çıxış edib. Təqdimatda ölkə üzrə qəbulun ümumi mənzərəsi, ADPU və filiallarının qəbul göstəriciləri, pedaqoji ixtisasların payı, qəbulun keyfiyyət göstəriciləri, magistratura və orta ixtisas təhsili üzrə nəticələr müqayisəli şəkildə təhlil olunub.
Elm və innovasiyalar üzrə prorektor professor Asəf Zamanov magistratura üzrə qəbul nəticələri barədə məlumat verib.
Daha sonra çıxış edən strateji inkişaf məsələləri üzrə prorektor Könül Pirverdiyeva ADPU-nun 2026-2027-ci tədris ili üçün iş planının ADPU-2030 Strateji İnkişaf Planına uyğun olaraq yeni formatda təsdiq edilməsi, rektorun müşaviri Ümid Mehdiyev isə Maliyyə Komisiyasının təklifləri barədə təqdimat ediblər.
Sonra Şura cari məsələlərin müzakirəsi ilə davam edib.
Sonda təklif edilən məsələlər səsə qoyularaq qəbul edilib.