ADPU-nun magistraturasına ilkin mərhələdə 561 namizəd qəbul olunub
Bakı, 15 sentyabr, AZƏRTAC
Azərbaycan Dövlət Pedaqoji Universitetində (ADPU) 2026-2027-ci tədris ili üzrə magistratura səviyyəsində 637 plan yeri müəyyənləşdirilib. İlkin qəbul mərhələsində 561 namizəd magistraturaya qəbul olunub.
ADPU-dan AZƏRTAC-a bildirilib ki, bu barədə Elmi şuranın iclasında elm və innovasiyalar üzrə prorektor, professor Asəf Zamanov məlumat verib.
Prorektor magistratura qəbulu üzrə çoxillik dinamikanı da diqqətə çatdırıb. Qeyd olunub ki, son illərdə magistratura üzrə plan yerlərinin sayı artaraq 2021-2022-ci tədris ilindəki 372-dən 2026-2027-ci tədris ilində 637-yə yüksəlib. Bu isə son 5 ildə ADPU-nun magistratura qəbul planında 71,24 faiz artım deməkdir.
Professor Asəf Zamanov yeni ixtisaslaşmalar üzrə qəbul göstəricilərinə də toxunub. Bildirib ki, Azərbaycan dilinin xarici dil kimi tədrisi, fəlsəfə tarixi və əhalinin müxtəlif qrupları ilə sosial iş ixtisaslaşmaları üzrə plan yerləri tam təmin olunub.
Magistratura üzrə mövcud nəticələrin təhlili əsasında qarşıdakı dövrdə boş qalan yerlərin səbəblərinin araşdırılması və qəbul planlaşdırılmasının təkmilləşdirilməsi istiqamətində işlərin davam etdirilməsinin vacibliyi vurğulanıb.