ADPU professorunun kitabı Türkiyədə təqdim edilib
Bakı, 13 may, AZƏRTAC
Türkiyənin İzmir şəhərində yerləşən Ege Universitetinin Türk Dünyası Araşdırmaları İnstitutunda Azərbaycan Dövlət Pedaqoji Universitetinin (ADPU) Filologiya fakültəsinin Ədəbiyyat kafedrasının professoru Elman Quliyevin “Türk xalqları ədəbiyyatı” kitabının təqdimat mərasimi keçirilib.
Bu barədə AZƏRTAC-a ADPU-dan məlumat verilib.
Tədbirdə Ege Universitetinin rektoru professor Musa Alcı, universitetin Türk Dünyası Araşdırmaları İnstitutunun direktoru professor Atıf Akgün, İzmir Azərbaycan Dərnəyinin İdarə Heyətinin sədri Pərviz Altay, Azərbaycan Respublikasının Türkiyədəki səfirliyinin təhsil müşaviri dosent Nəcibə Nəsibova, eləcə də tanınmış alimlər, akademik heyət və tələbələr iştirak ediblər.
Çıxış edənlər bildiriblər ki, “Türk xalqları ədəbiyyatı” kitabı Türk dünyasının ortaq ədəbi irsinin sistemli şəkildə öyrənilməsi baxımından mühüm elmi mənbədir. Əsər yalnız akademik tədqiqat olmaqla kifayətlənmir, eyni zamanda, ortaq mədəniyyətimizin qorunması və gələcək nəsillərə ötürülməsi istiqamətində mühüm rol oynayır. Kitabda türk xalqlarının müxtəlif coğrafiyalarda formalaşmış ədəbi ənənələri, onların ortaq xüsusiyyətləri və inkişaf mərhələləri geniş təhlil edilir.
Daha sonra təqdimat paneli təşkil olunub. Paneldə professor Ali Erol, dosent Yılmaz Özkaya və kitabın müəllifi professor Elman Quliyev əsərin məzmunu, elmi yenilikləri və Türk dünyası ədəbiyyatına verdiyi töhfələr barədə ətraflı məlumat veriblər.
Tədbirin sonunda çıxışçılara xatirə sertifikatları təqdim olunub. Eyni zamanda, kitabın imza mərasimi təşkil olunub, həmçinin kitab Ege Universitetinin əsas kitabxanasının fonduna hədiyyə olunub.
Daha sonra “Türk xalqları ədəbiyyatı” kitabının təqdimatı İzmir Azərbaycan Dərnəyində davam etdirilib. Tədbirdə dərnəyin üzvləri, yerli ictimaiyyət nümayəndələri və ziyalılar iştirak ediblər. Qeyd edilib ki, bu cür təqdimatların müxtəlif platformalarda təşkili kitabın daha geniş auditoriyaya çatdırılmasına və Azərbaycan ilə Türkiyə arasında mədəni-elmi əlaqələrin daha da möhkəmlənməsinə töhfə verir.