ADPU tələbələri “Piroqov” interaktiv cihazı ilə tanış olublar
Bakı, 11 aprel, AZƏRTAC
Azərbaycan Dövlət Pedaqoji Universitetinin (ADPU) Kimya və biologiya fakültəsinin tələbələri fakültənin dekan müavini dosent Bəsti Əsədovanın rəhbərliyi ilə “Aesthetic & Wellness World Academy”də (AWWA) qonaq olublar.
Bu barədə AZƏRTAC-a ADPU-dan məlumat verilib. Əvvəlcə tələbələr “Piroqov” kompleksi və cihazın iş prinsipi ilə tanış olublar. Qeyd edilib ki, “Piroqov”un 3D kompleksi müasir dövrün artırılmış reallıqlardan istifadə tələbinə uyğun olaraq anatomiya fənninin elmi, interaktiv və əyləncəli formada tədrisini və öyrənilməsini reallaşdırır.
Daha sonra tələbələr 5 mərhələli bilik yarışında iştirak ediblər. Yarışın sonunda “AWWA”nın direktoru Validə Cəlilova dosent Bəsti Əsədovaya təltifnamə, yarışda iştirak edən tələbələrə isə sertifikat təqdim edib.