ADPU tələbələri və əməkdaşları WUF13-də
Bakı, 22 may, AZƏRTAC
Azərbaycan Dövlət Pedaqoji Universitetinin (ADPU) 150-dən çox tələbəsi Bakıda keçirilən BMT-nin Ümumdünya Şəhərsalma Forumunun 13-cü Sessiyası (WUF13) çərçivəsində təşkil olunan müxtəlif tədbirlərdə iştirak edib.
ADPU-dan AZƏRTAC-a bildirilib ki, WUF13 çərçivəsində keçirilən “Yeni şəhər gündəliyində həyat nəfəsi: Davamlı şəhərlər üçün hava keyfiyyəti və yaşıl infrastrukturun inteqrasiyası” mövzusuna həsr olunmuş forumda ADPU Tələbə Gənclər Təşkilatının İdarə Heyətinin üzvləri və 70-dən artıq üzv tələbə iştirak edib. Həmçinin WUF13-ün müxtəlif tədbirlərində ADPU-nun Tələbə Həmkarlar İttifaqı Komitəsinin 30-a yaxın, MEH Ədəbi Dərnəyinin 20-dən artıq, UNESCO klubunun 7, Təhsil Könüllüləri Tələbə Birliyinin 4, Yeni Klubun 3 fəal üzvü müxtəlif sessiya və panel müzakirələrinə qatılaraq şəhərsalma, dayanıqlı inkişaf və mənzil siyasəti ilə bağlı aktual mövzular ətrafında fikir mübadiləsində iştirak ediblər.
Tələbələrlə yanaşı, universitetin onlarla müəllim və əməkdaşları da tədbirlərdə fəal iştirak ediblər.