Laçın rayonunda ötən tədris ilinin nəticələri təhlil edilib
Laçın, 29 avqust, AZƏRTAC
Laçın rayonu üzrə təhsil işçilərinin sentyabr konfransı keçirilib.
Şərqi Zəngəzur Regional Təhsil İdarəsindən AZƏRTAC-ın bölgə müxbirinə verilən məlumata görə, konfransda Laçın rayonu üzrə təhsil sektorunun müdiri Nicat Həsənov, sektor əməkdaşları, məktəb direktorları və direktor müavinləri, məktəbəqədər və məktəbdənkənar təhsil müəssisələrinin rəhbərləri, məktəbdaxili metodistlər, qabaqcıl fənn müəllimləri iştirak ediblər.
Tədbir Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi ilə başlayıb. Daha sonra şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Konfrans rayon səviyyəsində təhsil nəticələrinin təhlili, mövcud problemlərin konkret şəkildə müəyyənləşdirilməsi və növbəti tədris ili üçün ölçülə bilən hədəflərin və zəruri tədbirlərin müəyyən edilməsi formatında keçirilib.
Laçın rayonu üzrə təhsil sektorunun müdiri Nicat Həsənov tərəfindən IV və VI siniflər üzrə monitorinq nəticələri, IX və XI sinif buraxılış nəticələri, aşağı və yüksək nəticə göstərən şagirdlərin statistikası, rayon üzrə nəticələrin dinamikası, məktəbdənkənar müəssisələrin fəaliyyəti, məktəbəqədər təhsillə əhatəliliyin kəmiyyət və keyfiyyət göstəriciləri təqdim edilib.
Daha sonra konfrans iştirakçıları ilə rayonun əsas problemləri, xüsusi diqqət tələb edən məktəblər, keyfiyyət fəaliyyət planı üzrə çətinliklər, növbəti tədris ili üçün təklif edilən fəaliyyət və hədəflər ətrafında müzakirələr aparılıb.
Konfrans iştirakçıları məktəbdə şagirdlərin rəsm əsərlərindən ibarət sərgiyə də baxıblar. Sonda isə “Məktəb muzeyi” ilə tanışlıq olub.
Müxbir - Aydın Yavərzadə