“Politico”nəşri: Almaniya Leypsiq aeroportundakı dron insidentinə görə Rusiyanı ittiham etməyə hazırlaşır
Berlin, 29 avqust, AZƏRTAC
Almaniya hökuməti Leypsiq-Halle hava limanında partlayıcı maddə ilə təchiz edilmiş dronla bağlı insidentə görə Rusiyanı məsul tutmağa və bu ölkənin qurumlarına qarşı yeni sanksiyalar tətbiq etməyə hazırlaşır.
AZƏRTAC xəbər verir ki, bu barədə “Politico” nəşri məsələ ilə tanış olan və həssas mövzunu müzakirə etmək üçün anonimlik hüququ verilmiş üç rəsmi şəxsə istinadla məlumat yayıb.
Məlumata əsasən, Almaniyanın Rusiyaya qarşı birbaşa tədbirləri Aİ çərçivəsində hazırlanmaqda olan yeni sanksiyalarla paralel həyata keçirilə bilər. Nəşr Kansler Fridrix Mertsin məsələ ilə bağlı açıqlamasının yaxın günlərdə - Aİ-yə üzv ölkələrin xarici işlər nazirlərinin İrlandiyada keçiriləcək qeyri-rəsmi görüşü ərəfəsində verilməsinin gözlənildiyini bildirib.
Hökumət nümayəndələrindən biri nəşrə açıqlamasında kanslerliyin fərziyyələrlə məşğul olmadığını, məsuliyyətin rəsmi müəyyənləşdirilməsinin yalnız araşdırmanın bütün nəticələri qiymətləndirildikdən sonra hökumətin qərarı ilə həyata keçiriləcəyini bildirib.
Nəşr qeyd edir ki, Leypsiq-Halle hava limanındakı insidentlə Rusiyanın mümkün əlaqəsi barədə mediada artıq bir sıra məlumatlar yayılıb. ABŞ kəşfiyyatının ilkin qiymətləndirməsində də dronun Rusiya hərbi kəşfiyyatı ilə əlaqələndirildiyi bildirilib. Moskva isə insidentdə iştirakını rədd edir.
Bununla yanaşı, Aİ səviyyəsində Rusiyaya qarşı yeni genişmiqyaslı sanksiyalar paketinin hazırlanması davam edir. Məlumata görə, paket çərçivəsində təxminən 800 hüquqi və 800 fiziki şəxsin sanksiya siyahısına daxil edilməsi nəzərdən keçirilir. Yeni sanksiyaların oktyabrın ortalarında qəbul edilə biləcəyi bildirilir. Başqa bir diplomat isə açıqlamasında Rusiyanın dondurulmuş dövlət aktivlərinin istifadəsinin yenidən müzakirə olunduğunu vurğulayıb.
Qeyd edək ki, avqustun əvvəlində Leypsiq-Halle hava limanında Ukraynaya məxsus yük təyyarəsinin yaxınlığında partlayıcı maddə ilə təchiz edilmiş dron aşkarlanmışdı. Almaniyanın Federal Baş Prokurorluğu hadisə ilə bağlı istintaqı öz üzərinə götürərək, milli təhlükəsizliyə təhdid yarada biləcək ciddi hücum şübhəsi ilə təhqiqat aparır.