AzTU nümayəndə heyəti Almaniyada Otto fon Qerike adına Maqdeburq Universitetində olub
Bakı, 28 avqust, AZƏRTAC
Azərbaycan Texniki Universitetinin (AzTU) rektoru professor Vilayət Vəliyevin rəhbərlik etdiyi nümayəndə heyəti Almaniyaya səfər çərçivəsində Otto fon Qerike adına Maqdeburq Universitetində olub. Nümayəndə heyətində tədris məsələləri üzrə prorektor Sübhan Namazov, Metallurgiya və materiallar texnologiyası kafedrasının müdiri Səyami Hüseynov və kafedranın tədqiqatçı professoru, Almaniyanın “IXUN GmbH” şirkətinin direktoru Xüdaverdi Kərimov təmsil olunub.
Bu barədə AZƏRTAC-a AzTU-dan məlumat verilib.
Maqdeburq Universitet Klinikasının Neyroradiologiya Mərkəzinin direktor müavini Zubel və professor Anastasios Mpotsaris nümayəndə heyətini laboratoriya, müasir cihazlarla təchiz edilmiş maddi-texniki baza, Mərkəzdə süni intellektin tibdə tətbiqi imkanları ilə tanış ediblər. Müzakirələr zamanı rektor Vilayət Vəliyev AzTU-nun bu sahədə Almaniyadan olan mütəxəssislərlə apardığı tədqiqat işləri barədə məlumat verib və bu əməkdaşlığa ciddi əhəmiyyət verdiyini bildirib.
Vilayət Vəliyev AzTU-da son dövrlərdə həyata keçirilən institusional tədbirlər, infrastrukturun yenilənməsi, eləcə də “Sabah Hub” layihəsi çərçivəsində innovasiya və sahibkarlığın inkişafı istiqamətində fəaliyyətlər barədə məlumat verib. O, Almaniya universitetləri ilə kifayət qədər sıx əlaqələrin olduğunu önə çəkərək, bu əlaqələrin biotibbi mühəndislik sahəsindəki əhəmiyyətindən danışıb.
Daha sonra nümayəndə heyəti Maqdeburq Universitetinin Tədqiqat Kampusunu ziyarət edib. Nümayəndə heyəti Tədqiqat Kampusunda aparılan tədqiqat işləri və alınan biotibbi materiallar, yeni nəsil tibbi mühəndislik sahəsində kadrların hazırlanması istiqamətində görülən işlər, sənayedən olan tibbi mühəndislik sahəsindəki mütəxəssislərin qısamüddətli sertifikasiya mexanizmi barədə geniş müzakirələr aparıb. Müzakirələr zamanı rektor Vilayət Vəliyev AzTU-nun Biotibbi Mühəndislik İnstitutu ilə birgə fəaliyyət imkanlarını diqqətə çatdırıb, bu sahənin universitet üçün əsas prioritetlərdən olduğunu bildirib.