Mədəniyyətlərin qovuşduğu məkan: “Alyans” Gənclər Mərkəzində milli rəqs dərnəyi
Tbilisi, 29 avqust, AZƏRTAC
Tbilisidə fəaliyyət göstərən “Alyans” Gənclər Mərkəzində Azərbaycan və gürcü milli rəqs dərnəyi fəaliyyətə başlayıb.
AZƏRTAC xəbər verir ki, dərnəyin təşkil olunmasında əsas məqsəd Azərbaycan və gürcü xalqlarının zəngin mədəniyyətini, incəsənətini və rəqs ənənələrini gənclər arasında təbliğ etmək, eləcə də soydaşlarımızla gürcü gəncləri arasında mədəni inteqrasiyanı və dostluq əlaqələrini daha da möhkəmləndirməkdir.
Mərkəzin rəhbəri Rəna Hüseynova bildirib ki, dərslər peşəkar təlimçilər, rəqs müəllimləri tərəfindən keçirilir. Təlim proqramına Azərbaycan milli rəqsləri ilə yanaşı, gürcü xalq rəqsləri də daxildir.
“Məqsəd iki xalqın zəngin mədəni irsini və rəqs ənənələrini gənclərə aşılamaq, eyni zamanda, soydaşlarımızla gürcü gəncləri arasında dostluq və mədəni inteqrasiya əlaqələrini daha da möhkəmləndirməkdir. Dərnək, həmçinin gənclərin asudə vaxtlarını səmərəli keçirmələrinə, onların yaradıcılıq potensialının üzə çıxarılmasına, müxtəlif festival və mədəni tədbirlərdə birgə çıxış etmələrinə geniş imkanlar yaradacaq”, - deyə R.Hüseynova bildirib.
Dərnəyin bədii rəhbəri Ceyran Qurbanova isə deyib ki, dərnəkdə həm Azərbaycan milli rəqslərinin – “Yallı”, “Tərəkəmə”, “Qaytağı”, “Sarı gəlin”, “Nəlbəki”, “Turacı”, həm də “Kartuli”, “Açaruli”, “Xorumi” kimi gürcü milli rəqslərinin incəlikləri və ifa texnikası öyrədilir.
“Repertuarımızda Qafqaz xalqlarının və qardaş türk xalqlarının milli rəqsləri də yer alır. Dərslərdə yaş məhdudiyyəti yoxdur. Məktəb şagirdləri, yeniyetmələr və gənclər “Alyans” Gənclər Mərkəzinə müraciət edə bilərlər”, – deyə C.Qurbanova vurğulayıb. O qeyd edib ki, məşğələlər gənclərin fiziki inkişafına, bədən quruluşunun düzgün formalaşmasına və yaradıcılıq potensialının üzə çıxarılmasına böyük töhfə verir.
Dərnək iştirakçılarının gələcəkdə müxtəlif tədbirlərdə və festivallarda səhnəyə çıxması da planlaşdırılır.