Qazaxda yeni tədris ili üçün prioritet istiqamətlər açıqlanıb
Qazax, 29 avqust, AZƏRTAC
Qazaxda 2026–2027-ci tədris ili üzrə təhsil işçilərinin ənənəvi sentyabr konfransı keçirilib.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, Mehdi Hüseyn adına humanitar və təbiət fənləri təmayüllü məktəb-liseydə təşkil olunan konfransda rayon rəhbərliyi, Qazax-Tovuz Regional Təhsil İdarəsinin nümayəndələri, təhsil müəssisələrinin rəhbərləri, müəllimlər və ictimaiyyət nümayəndələri iştirak ediblər.
Konfrans iştirakçıları əvvəlcə Ümummilli Lider Heydər Əliyevin abidəsini ziyarət edərək xatirəsini ehtiramla yad ediblər.
Qazax rayonu üzrə Təhsil Sektorunun müdiri İslam Carçıyev ötən tədris ilinin nəticələrini təqdim edib, yeni tədris ili üçün prioritet istiqamətləri açıqlayıb. Bildirib ki, rayonda 39 ümumtəhsil, 25 məktəbəqədər və 2 məktəbdənkənar təhsil müəssisəsi fəaliyyət göstərir. Ümumtəhsil məktəblərində 13 min 622 şagirdin təlim-tərbiyəsi ilə 1341 müəllim məşğul olur.
Rayon icra hakimiyyəti başçısının birinci müavini Məmməd Alıyev dövlətin təhsilə göstərdiyi diqqətdən, Qazaxda təhsil infrastrukturunun yenilənməsi istiqamətində görülən işlərdən danışıb. O, 2025–2026-cı tədris ilində ali məktəblərə qəbul imtahanlarında rayonun 24 məzununun 600-dən yuxarı bal topladığını vurğulayaraq bu uğuru müəllim və şagirdlərin əməyinin nəticəsi kimi qiymətləndirib.
Qazax-Tovuz Regional Təhsil İdarəsinin rəis müavini Anar Məcidov yeni tədris ilində təhsil işçilərinə uğurlar arzulayıb və konfransın təhsilin keyfiyyətinin artırılması baxımından əhəmiyyətini qeyd edib.
Müxbir - Ruslan Novruzoğlu