Təlim-tərbiyədə müasir yanaşma və çağırışlar - konfrans
Bakı, 29 avqust, AZƏRTAC
5 nömrəli Uşaq-Gənclər İnkişaf Mərkəzi, Quba rayon Heydər Əliyev Mərkəzi və rayon Uşaq-Gənclər İnkişaf Mərkəzinin birgə təşkilatçılığı ilə “Təlim-tərbiyədə müasir yanaşma və çağırışlar” mövzusunda konfrans və təcrübi seminar keçirilib.
Bu barədə AZƏRTAC-a 5 nömrəli Uşaq-Gənclər İnkişaf Mərkəzindən məlumat verilib.
Tədbir iştirakçıları əvvəlcə Ümummilli Lider Heydər Əliyevin abidəsini ziyarət ediblər, sonra Quba rayon Heydər Əliyev Mərkəzində Ulu Öndərin həyat və fəaliyyətini əks etdirən eksponatlar və foto sərgi ilə tanış olublar.
Konfransda Heydər Əliyev Mərkəzinin direktoru Sevinc Səlimova dahi liderin təhsil sahəsinə, uşaq və yeniyetmələrə qayğısından danışıb.
5 nömrəli Uşaq-Gənclər İnkişaf Mərkəzinin direktoru Elza Orucova və Quba rayon Uşaq-Gənclər İnkişaf Mərkəzinin direktor müavini Pərviz Əhmədov çıxış edərək yeni tədris ili ərəfəsində bu konfransın və təcrübi seminarın əhəmiyyətini vurğuladılar.
Daha sonra Mərkəzin akt zalında müəssisələrin dərnək rəhbərləri arasında təcrübə mübadiləsi olub. Direktor müavinləri, şöbə müdirləri, metodist və dərnək rəhbərləri fəaliyyət və tədris planlarını müzakirə ediblər.