Zəngilanda təhsil işçilərinin sentyabr konfransı
Zəngilan, 29 avqust, AZƏRTAC
Zəngilan rayonu Ağalı kənd tam orta ümumtəhsil məktəbində Zəngilan rayonu üzrə təhsil işçilərinin sentyabr konfransı keçirilib.
Şərqi Zəngəzur Regional Təhsil İdarəsindən AZƏRTAC-ın bölgə müxbirinə verilən məlumata görə, konfransda Cəbrayıl, Qubadlı və Zəngilan rayonları üzrə Prezidentin Xüsusi Nümayəndəliyinin əməkdaşı Ceyhun Həsənov, Zəngilan rayonu üzrə təhsil sektorunun müdiri Kənan İmaməliyev, sektor əməkdaşları, məktəb direktorları və direktor müavinləri, məktəbəqədər və məktəbdənkənar təhsil müəssisələrinin rəhbərləri, məktəbdaxili metodistlər, eləcə də qabaqcıl fənn müəllimləri iştirak ediblər.
Konfrans üçün Zəngilana gələn iştirakçılar burada fəaliyyət göstərən bağça və məktəbdə yaradılmış şəraitlə yaxından tanış olublar.
Tədbir Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi ilə başlayıb. Daha sonra şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Konfrans rayon səviyyəsində təhsil nəticələrinin təhlili, mövcud problemlərin konkret şəkildə müəyyənləşdirilməsi və növbəti tədris ili üçün ölçülə bilən hədəflərin və zəruri tədbirlərin müəyyən edilməsi formatında keçirilib.
Zəngilan rayonu üzrə təhsil sektorunun müdiri Kənan İmaməliyev tərəfindən IV və VI siniflər üzrə monitorinq nəticələri, IX və XI sinif buraxılış nəticələri, aşağı və yüksək nəticə göstərən şagirdlərin statistikası, rayon üzrə nəticələrin dinamikası, məktəbdənkənar müəssisələrin fəaliyyəti, məktəbəqədər təhsillə əhatəliliyin kəmiyyət və keyfiyyət göstəriciləri təqdim edilib.
Sonda rayonun əsas problemləri, xüsusi diqqət tələb edən məktəblər, keyfiyyət fəaliyyət planı üzrə çətinliklər, növbəti tədris ili üçün təklif edilən fəaliyyət və hədəflər ətrafında müzakirələr aparılıb.
Müxbir - Aydın Yavərzadə