Zəfər parkında mütaliə və melodiya: Fəal gənclərə kitablar hədiyyə olunub - FOTO
Xaçmaz, 29 avqust, AZƏRTAC
Xaçmaz şəhərindəki Zəfər parkında “Gənclərlə mütaliə və melodiya” adlı kitab sərgisi keçirilib.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, tədbirin keçirilməsində məqsəd gənclərin mütaliəyə marağının artırılması, kitab oxumaq mədəniyyətinin təşviqi və onların asudə vaxtının səmərəli təşkilidir.
Xaçmaz Rayon İcra Hakimiyyəti, Yeni Azərbaycan Partiyası Xaçmaz rayon təşkilatı, Quba-Xaçmaz Regional Gənclər və İdman İdarəsi və Quba-Xaçmaz Regional Mədəniyyət İdarəsinin təşkilatçılığı ilə keçirilən tədbirdə gənclər üçün müxtəlif kitablarla tanış olmaq və onları seçmək imkanı yaradılıb.
Tədbirdə Xaçmaz rayon Mərkəzləşdirilmiş Kitabxana Sisteminə yeni daxil olmuş ədəbiyyatlar, həmçinin yerli yazarlara məxsus kitablar nümayiş etdirilib. Heydər Əliyev adına Xaçmaz rayon Mədəniyyət Mərkəzinin, Xaçmaz Dövlət Rəsm Qalereyasının, Xaçmaz Dövlət Peşə Təhsil Mərkəzinin rəsm və əl işləri sərgilənib. Həmçinin Xaçmaz Tarix-diyarşünaslıq muzeyi tərəfindən fotoguşə yaradılıb.
Sərgi çərçivəsində canlı musiqi və melodiya, Xaçmaz Xalq teatrı tərəfindən mövzuya həsr edilmiş qısa tamaşa, “60 saniyədə kitab” təqdimatı, interaktiv oyunlar və digər maraqlı fəaliyyətlər həyata keçirilib.
Tədbirdə fəal iştirakçılara kitablar hədiyyə edilib.
Müxbir- Elxan Yusifli