ADU-da beynəlxalq ekspert elmi jurnallarda məqalələrin yazılması ilə bağlı təlim keçib
Bakı, 13 fevral, AZƏRTAC
Azərbaycan Dillər Universitetində (ADU) ABŞ-ın “Clarivate Analytics” şirkətinin Rusiya bölməsinin elmi informasiya resursları üzrə eksperti, linqvistika üzrə fəlsəfə doktoru Lera Kurmakayeva əməkdaşlar, doktorantlar və gənc tədqiqatçılara “Beynəlxalq elmi jurnallar üçün məqalələrin yazılmasına dair tövsiyələr” mövzusunda təlim keçib.
ADU-dan AZƏRTAC-a bildirilib ki, əməkdaşlıq şöbəsinin təşkilatçılığı ilə keçirilən təlimdə iştirakçılar “Web of Science” platformasına daxil olmaq, platformada axtarışın səmərəli aparılması, yüksək indeksli beynəlxalq jurnallarda məqalələr üçün qoyulan tələblər, seçim meyarları və digər praktiki məsələlərlə bağlı məlumatlar əldə ediblər.
Ekspert təlimin sonunda iştirakçıların suallarını cavablandırıb.