ADU-nun kollektivi şəhid Əzim Həsənovun anım mərasimində iştirak edib
Bakı, 1 noyabr, AZƏRTAC
Azərbaycan Dillər Universitetinin (ADU) əməkdaşları Vətən müharibəsi şəhidi Əzim Həsənovun Mingəçevir şəhərində keçirilən anım mərasimində iştirak ediblər.
ADU-dan AZƏRTAC-a bildirilib ki, rektorun məsləhətçisi fəlsəfə doktoru Anar Osmanlı, Təhsil 1 fakültəsinin dekanı professor Fikrət Cahangirov, Təhsil 2 fakültəsinin dekanı dosent Salman Nuriyev, Pedaqogika kafedrasının müdiri dosent Nigar Zeynalova və Xarici dillərin tədrisi metodikası kafedrasının müdiri dosent Günay Şirəliyeva Mingəçevir şəhər Şəhidlər xiyabanında Əzim Həsənovun məzarını ziyarət edərək ruhuna dualar oxuyublar.
Qeyd edək ki, Əzim Fikrət oğlu Həsənov 1998-ci ildə Balakən rayonunun Kortala kəndində anadan olub. Əzim Həsənovun əsli Qarabağdandır. Atası Fikrət Həsənov Ağdam rayonunun Xıdırlı kəndində anadan olub. Qarabağın işğalından sonra Əzimin ailəsi müvəqqəti olaraq Mingəçevir şəhərində məskunlaşıb. Anası Şəhla Həsənova Balakən rayonunun Kortala kəndindəndir. Əzim Həsənov 3-cü sinfə qədər Mingəçevir şəhərində yerləşən Ağdam 52 saylı orta məktəbdə, sonra isə Mingəçevir şəhər 19 saylı orta məktəbdə təhsil alıb. O, çox tərbiyəli, məsuliyyətli, ağıllı və vicdanlı şagird kimi həm müəllimlərinin, həm də məktəbdəki şagirdlərin rəğbətini qazanıb.
Orta məktəbi əla qiymətlərlə bitirən Əzim Həsənov 2015-ci ildə Azərbaycan Dillər Universitetinin Təhsil fakültəsinə ingilis dili müəllimliyi ixtisası üzrə qəbul olub. Tələbəlik illərində o, elmi biliklərini inkişaf etdirməklə yanaşı, “Vətənpərvərlər departamenti”nin də üzvü olaraq təşəkkürnamə ilə təltif edilib. Fakültənin professor-müəllim heyəti və tələbə yoldaşları onu hər zaman xoş sözlərlə xatırlayırlar.
Əzim Həsənov 2019-cu ildə həqiqi hərbi xidmətə yollanıb. O, hərbi xidmətdə olarkən Vətən müharibəsi başlanıb. Əzim “həmlə taboru”nda xidmət edərək Cəbrayıl, Hadrut, Xocavənd və Füzuli uğrunda gedən döyüşlərdə cəsarətlə vuruşub. Tabor komandiri onun barəsində belə deyib: “Əzim şir ürəyi yemişdı. O, çox qeyrətli və qorxmaz əsgər idi”. Əzim Həsənov Füzulinin Aşağı Seyidəhmədli kəndində gedən döyüşlərdə qəhrəmancasına şəhid olub və 2020-ci il oktyabrın 30-da Mingəçevir şəhərinin Şəhidlər xiyabanında dəfn olunub. “Vətən uğrunda”, “Füzulinin azad olunmasına görə” və “Cəsur döyüşçü” medalları ilə təltif edilib.