ADU-nun Konfutsi İnstitutu ilə Mədəniyyət və İncəsənət Universiteti arasında müqavilə imzalanıb
Bakı, 24 may, AZƏRTAC
Mayın 24-də Azərbaycan Dillər Universitetinin (ADU) nəzdində fəaliyyət göstərən Konfutsi İnstitutu ilə Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universiteti (ADMİU) arasında əməkdaşlıq haqqında müqavilə imzalanıb. Müqavilənin əsas məqsədi Azərbaycan ilə Çin arasında mədəniyyət və incəsənət sahəsində əməkdaşlığın genişləndirilməsi, ikitərəfli əlaqələrin inkişafı, mədəniyyət və incəsənət sahəsində kadrların hazırlığı, təhsil əlaqələrinin fəallaşdırılması, eləcə də tələbə və müəllim mübadiləsinin yaradılması, iki xalqın tarixi və bədii dəyərlərinin tədqiq olunmasıdır.
ADU-dan AZƏRTAC-a bildiriblər ki, ADMİU-nun rektoru vəzifəsini icra edən, professor Validə Məmmədova universitetin yaradıcılıqla bağlı fəaliyyətindən danışıb, ali məktəbin musiqi, teatr və dekorativ-tətbiqi sənətkarlıq, sənətşünaslıq, kulturologiya və digər sahələrdə ənənələri qoruyub saxladığını söyləyib.
Çinin ölkəmizdəki səfiri Vey Cinhua Azərbaycanda mədəniyyət və incəsənət sahəsində təhsilin inkişafını yüksək dəyərləndirib, ölkələr arasında humanitar əməkdaşlığın gücləndirilməsinin vacibliyini vurğulayıb.
Konfutsi İnstitutunun direktoru, professor Rafiq Abbasov institut tərəfindən Azərbaycanın və Çinin mədəni irsinin öyrənilməsi və təbliği ilə bağlı həyata keçirilən birgə proqramlardan danışıb. O, həmçinin ümummilli lider Heydər Əliyevin Çinə tarixi səfəri zamanı iki ölkə arasında imzalanmış mədəniyyət və əməkdaşlığa dair sazişin əhəmiyyətini diqqətə çatdırıb.
Sonda Konfutsi İnstitutunun əməkdaşları və ADMİU-nun tələbələri konsert proqramı ilə çıxış ediblər. Konsertdə ənənəvi Çin musiqi alətlərinin müşayiəti ilə bu ölkənin milli mahnıları səsləndirilib.
ADMİU-nun dizayner tələbələri tərəfindən hazırlanan “Çin - güllərin səltənəti” moda sərgisində Çin üslubunda qadın geyim nümunələri nümayiş olunub.