Ağalı və Məmmədbəyli sakinləri sosial müdafiə tədbirləri və mina təhlükəsi ilə bağlı maarifləndirilib
Bakı, 17 oktyabr, AZƏRTAC
Məcburi köçkünlərlə iş sahəsində dövlət siyasətinin əsas istiqamətlərindən biri onların sosial müdafiəsinin səmərəli təşkilidir. Prezident İlham Əliyevin tapşırıqlarına uyğun olaraq, doğma yurda geri dönən keçmiş məcburi köçkünlərin rahatlığının və təhlükəsizliyinin təmin edilməsi prioritet vəzifələrdəndir. Azərbaycan Respublikasının “Məcburi köçkünlərin və onlara bərabər tutulan şəxslərin sosial müdafiəsi haqqında” Qanununa əsasən, keçmiş məcburi köçkünlər üçün bir sıra sosial müdafiə tədbirləri nəzərdə tutulur ki, bunlardan biri də sosial müdafiəyə ehtiyacı olan məcburi köçkünlərə dövlət büdcəsinin vəsaiti hesabına ödənilən vahid aylıq müavinətdir.
AZƏRTAC xəbər verir ki, işğaldan azad edilmiş ərazilərdə Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsi tərəfindən yeni salınmış yaşayış məntəqələrində məskunlaşan və geri qayıtmağa hazırlaşan əhali arasında maarifləndirici tədbirlər davam etdirilir. Bu tədbirlər çərçivəsində vətəndaşlara sosial müdafiə tədbirləri, o cümlədən vahid aylıq müavinətdən istifadə qaydaları, müavinətin başa çatma müddətləri və hüquqi əsasları barədə ətraflı məlumat verilir.
Dövlət Komitəsi tərəfindən Böyük Qayıdışa dair I Dövlət Proqramına əsasən hazırlanmış mina təhlükəsi mövzusunda videoçarxda insanlara xəbərdarlıq nişanlarına riayət etmək, mina və partlayıcı hərbi sursatlarla bağlı təhlükələrə qarşı ayıq-sayıq olmaq tövsiyə olunur.
Bu məqsədlə növbəti maarifləndirici görüş Zəngilan rayonunun Ağalı və Məmmədbəyli kəndlərinə köçürülmüş ailələr arasında keçirilib. Tədbirdə məcburi köçkünlərin sosial müdafiəsi məsələləri, vahid aylıq müavinətin daimi yaşayış yerinə geri qayıtmış şəxslərin üç il müddətinin başa çatmasından sonra dayandırılacağı barədə məlumat verilib, mina təhlükəsi ilə bağlı videoçarx nümayiş etdirilib.
Qeyd edilib ki, hazırlanan videoçarxlar mediada mütəmadi şəkildə yayımlanır. Dövlət Komitəsi tərəfindən Böyük Qayıdışa dair I Dövlət Proqramı çərçivəsində təsdiq edilmiş tədbirlər planına uyğun olaraq, aidiyyəti şöbələr, yerli nümayəndəliklər və Mənzil-Kommunal İstismar sahələri vasitəsilə keçmiş məcburi köçkünlərlə maarifləndirici görüşlər təşkil edilir, sosial müdafiə tədbirlərinə dair məlumat kitabçaları və broşürlər hazırlanaraq vətəndaşlara təqdim olunur, eyni zamanda maarifləndirici videoçarxların çəkilişi və yayımı həyata keçirilir.