Ağcabədi rayonunda su kanalında 580 patron aşkarlanıb
Bakı, 10 mart, AZƏRTAC
Martın 10-da Fövqəladə Hallar Nazirliyinin Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzindən Azərbaycan Respublikası Ərazilərinin Minalardan Təmizlənməsi üzrə Milli Agentliyə (ANAMA) Ağcabədi rayonunun Yuxarı Salambəyli kəndində su kanalında mərminin tapılması barədə məlumat daxil olub.
ANAMA-dan AZƏRTAC-a bildiriblər ki, məlumata əsasən qurumun xüsusi mobil çevik əməliyyat qrupu dərhal həmin əraziyə göndərilib.
Agentliyin mütəxəssisləri tərəfindən Yuxarı Qarabağ kanalına baxış keçirilib. Aparılan təxirəsalınmaz operativ əməliyyat axtarış tədbirləri nəticəsində kanal ərazisindən 580 patron (480 ədəd 5,45 millimetrlik və 100 ədəd 7,62 millimetrlik) və sandıqçaları boş olan iki avtomat darağı aşkarlanıb. Həmin sursat zərərsizləşdirilməsi üçün Agentliyin mərkəzi məhvetmə ərazisinə daşınıb.
Kanalda suyun səviyyəsinin artması ilə əlaqədar əməliyyat martın 10-da dayandırılıb. Əməliyyatın növbəti gün davam etdirilməsi nəzərdə tutulub.
Agentlik tərəfindən yanvarın 1-dən martın 10-dək, ümumilikdə, 1676 partlamamış hərbi sursat, tank əleyhinə bir mina aşkarlanaraq zərərsizləşdirilib. Bu müddətdə 26 min 265 kvadratmetr ərazi yoxlanılıb.