Ankara yunan Kipri ilə Fransa arasında hərbi sazişi pisləyib
Ankara, 11 iyun, AZƏRTAC
Türkiyə Milli Müdafiə Nazirliyi yunan Kipri və Fransa hakimiyyəti arasında “Qüvvələrin Statusu haqqında” sazişi (“Status of forces agreement” - SOFA) pisləyib.
AZƏRTAC xəbər verir ki, Ankara adadakı Fransa Silahlı Qüvvələrinin hüquqi statusunu müəyyən edən sazişi “Cənubi Kipr üçün təhlükəli nəticələrə səbəb ola biləcək bir sıra təşəbbüslərdə düşünülməmiş addım” adlandırıb.
Türkiyə Müdafiə Nazirliyi, Şərqi Aralıq dənizində gərginliyi artırmağa və sabitliyi pozmağa yönəlmiş təxribatları Ankaranın yaxından izlədiyini qeyd edərək vurğulayıb ki, “düşmən hərəkətləri qarşısında” Kipr türklərinin təhlükəsizliyini təmin etmək üçün qətiyyətli addımlar atmağa hazırdır. Bəyanatda deyilir: “Fransanın yunan Kipri ilə sazişi adadakı həssas tarazlığı birtərəfli şəkildə dəyişdirməyi və Kipr türklərinin suveren bərabərliyə olan iradəsini və hüquqlarını görməzdən gəlməyi hədəfləyir. Bu sənəd Kiprlə bağlı 1960-cı il sazişlərinə ziddir”.
Fransanın Kipr üçün qarant ölkə olmadığını xatırladan Müdafiə Nazirliyi Türkiyənin və Şimali Kipr Türk Cümhuriyyətinin (ŞKTC) hüquq və mənafelərini pozmağa yönəlmiş hər hansı bir hərbi ittifaqın uğur şansının olmadığını vurğulayıb.
Nazirlikdən verilən açıqlamada bildirilib: “Türkiyə Silahlı Qüvvələrinin Kipr türklərinin təhlükəsizliyinə qarşı təhdidlərə ən qətiyyətli şəkildə cavab vermək üçün bütün imkanları və qətiyyəti var”.