AĞCABƏDİ RAYONUNUN QARAXANLI KƏNDİNDƏN VƏ LÖKBATAN QƏSƏBƏSİNDƏN GÖTÜRÜLMÜŞ QUŞ LEŞİNİN MÜAYİNƏSİ BAŞA ÇATMIŞDIR
Kənd Təsərrüfatı Nazirliyi yanında Dövlət Baytarlıq Xidmətinin mətbuat mərkəzindən AZƏRTAC-a bildirmişlər ki, bir neçə gün əvvəl Ağcabədi rayonunun Qaraxanlı kəndindən və Qarabağ rayonunun Lökbatan qəsəbəsindən ölmüş ev quşlarından götürülmüş nümunələrin müayinəsi Respublika Baytarlıq Laboratoriyasında başa çatdırılmışdır. Aşkar edilmişdir ki, quşların ölümünə məişət tipli infeksiyalar səbəb olmuşdur.
Həmin məntəqələr dezinfeksiya edilmiş, lazımi proflaktik tədbirlər həyata keçirilmiş və quşların ölümünün qarşısı alınmışdır. Bu bölgələrdə sahibkarlara quşların baytarlıq-sanitariya qaydalarına uyğun saxlanılması və özbaşına müalicə-profilaktika tədbirlərinin aparılmasına son qoymaları bir daha xatırladılmışdır.
Dövlət Baytarlıq Xidməti bir daha əhalinin diqqətinə çatdırır ki, heyvan və quşlarda hər hansı narahatlığın olmasını hiss etdikdə yerli baytarlıq idarələrinə və məntəqələrinə müraciət etsinlər. Heyvan və quşların özbaşına müalicəsi, peyvəndlənməsi və digər tədbirlərin aparılmasına yol vermək olmaz.
Bundan əlavə, Dövlət Baytarlıq Xidməti ev quşlarının qapalı şəraitdə saxlanmasını məqsədəmüvafiq hesab etməklə, çöl quşlarının ovlanmasına, satılmasına və onların qida məhsulu kimi istifadəsinə qoyduğu qadağanın qüvvədə qaldığını bildirir. Eyni zamanda onu da xatırladır ki, bu günədək aparılmış monitorinq nəticələrinə görə ölkəmizdə köçəri və ev quşları arasında quş qripinin daşıyıcısı olan xəstə quşlara təsadüf edilməmişdir.