Ağcabədidə “Ən gözəl gül” müsabiqəsi keçirilib
Ağcabədi, 2 may, Tahir Ağaməmmədov, AZƏRTAC
Ağcabədi rayon Heydər Əliyev Mərkəzinin təşkilatçılığı ilə ümummilli lider Heydər Əliyevin anadan olmasının 96-cı ildönümünə həsr edilən “Ən gözəl gül” müsabiqəsi keçirilib.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, Heydər Əliyev Meydanında təşkil olunan sərgidə Mərkəzdə fəaliyyət göstərən kurslar, Uşaq Yaradıcılıq Mərkəzi, Günərzi Qayğı Mərkəzi, Rəsm Qalereyası və ümumtəhsil məktəbləri tərəfindən təqdim edilən gül-çiçək kompozisiyaları, həmçinin rəsmlər, Mərkəzləşdirilmiş Kitabxana Sisteminin kitabları nümayiş olunub.
Tədbirdə Heydər Əliyev Mərkəzinin, Qarabağ Muğam Mərkəzinin rəqs qrupları, körpələr evi-uşaq bağçalarının fidanları müxtəlif rəqs nömrələri, Mərkəzin həvəskar aktyorluq və bədii qiraət kursunun üzvləri Ümummilli Liderə həsr olunmuş şeir kompozisiyası ilə çıxış ediblər.
Sonda “Ən gözəl gül” müsabiqəsinin qalibləri mükafatlandırılıb.