Ağcabədidə Mərkəzi Rayon Xəstəxanasının tikintisi başa çatmışdır
Ağcabədi, 20 avqust (AZƏRTAC). Təməli 2011-ci ilin mayında Prezident İlham Əliyev tərəfindən qoyulmuş Ağcabədi şəhərindəki 205 çarpayılıq mərkəzi rayon xəstəxanasının tikintisi başa çatmışdır.
AZƏRTAC xəbər verir ki, 4 hektardan artıq əraziyə malik yeni xəstəxana kompleksi bir-birinə keçidi olan, hər biri dördmərtəbəli 5 böyük korpusdan və 3 əlavə yardımçı binadan ibarətdir.
Ən müasir avadanlıqla təchiz edilən xəstəxananın zirzəmisində camaşırxana və mətbəx yerləşir. Birinci mərtəbədə qəbul, ginekologiya və doğum şöbələri, uşaq poliklinikası, diaqnostika, laboratoriya, poliklinika, otolarinqologiya şöbələri, ikinci mərtəbədə əməliyyat bloku, observasiya, reanimasiya, intensiv terapiya, cərrahiyyə və uşaq terapiya şöbələri, üçüncü mərtəbədə isə fərdi doğum palataları, uşaq terapiyası, tibbi bərpa mərkəzi, kardiologiya və terapiya şöbələri fəaliyyət göstərəcəkdir. Xəstəxananın dördüncü mərtəbəsində doğuş-əməliyyat bloku, terapiya otaqları və konfrans zalı yerləşir. Xəstəxana “Otis” markalı liftlə təchiz olunmuşdur.
Yeni tibb müəssisəsində xəstələrin təcili əməliyyatı, bir yerdən başqa yerə aparılması üçün helikopter xidməti də fəaliyyət göstərəcəkdir. Helikopter dayanacağı binanın üst qatında inşa edilmişdir.
Xəstəxanada “Hitachi” markalı kondisionerləşdirmə, havalandırma sistemləri quraşdırılmış, əməliyyat bloku gigiyenik paketlərlə havalandırılmış, mərkəzləşdirilmiş kompyuter şəbəkəsi yaradılmışdır.
Səhiyyə müəssisəsinin həyətində patoloji anatomiya korpusu, qazanxana, elektrik yarımstansiyası, 2 su anbarı inşa edilmiş, generator, elektrik tənzimləyicisi, ildırımötürücü quraşdırılmışdır.
Hazırda yaxın vaxtlarda istifadəyə verilməsi nəzərdə tutulan xəstəxananın həyətində abadlıq işləri aparılır.
Xəstəxana istifadəyə verildikdən sonra burada qonşu rayonların da əhalisinə yüksək səviyyəli tibbi xidmət göstərmək mümkün olacaqdır.