Ağcabədidə şəhid Dilsuz Qarayevin xatirəsi anılıb
Ağcabədi, 6 aprel, AZƏRTAC
Ağcabədi rayonunda 2016-cı ilin aprelində döyüşlərdə qəhrəmancasına şəhid olmuş Dilsuz Qarayevin xatirəsi anılıb.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, Ağcabədi Rayon İcra Hakimiyyətinin, Yeni Azərbaycan Partiyası (YAP) rayon təşkilatının, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin rayon şöbəsinin nümayəndələri, Qarabağ müharibəsi veteranları, “N” saylı hərbi hissənin zabit və əsgərləri şəhidin məzarını ziyarət edib, ruhuna dualar oxuyublar.
2016-cı ilin Aprel döyüşlərinin böyük hərbi-siyasi əhəmiyyətə malik olduğunu vurğulayan YAP Ağcabədi rayon təşkilatının aparat rəhbəri Nazim Bünyatov bildirib ki, ordumuzun bölmələri Ermənistan silahlı qüvvələrinin cəbhənin müxtəlif istiqamətlərdəki təxribatlarının qarşısını alaraq əks hücuma keçib və qısa vaxtda strateji yüksəklikləri azad edib. Aprel döyüşləri Azərbaycan dövlətinin və xalqının torpaq itkisi ilə barışmayacağını və ərazi bütövlüyünü bərpa edəcəyini dünyaya göstərdi.
Mərasimdə Qarabağ Müharibəsi Əlilləri, Veteranları və Şəhid Ailələri İctimai Birliyi rayon şöbəsinin sədri İsmayıl Məhərrəmov, Səfərbərlik və Hərbi Xidmətə çağırış üzrə Dövlət Xidməti rayon şöbəsinin rəisi Ruslan İsmayılov, hərbçilər çıxış edərək, respublikamızın ərazi bütövlüyü uğrunda canından keçən Vətən övladlarının xatirəsinin xalqımız tərəfindən daim uca tutulduğunu diqqətə çatdırıblar.
Şəhid Dilsuz Qarayevin anası Cəvahir Hacıyeva övladının Vətən, torpaq uğrunda şəhid olması ilə qürur duyduğunu bildirib.
Mərasimdə Dilsuz Qarayevin vaxtilə təhsil aldığı məktəbin şagirdləri şəhidlərə və Vətənə həsr olunmuş şeirlər söyləyiblər. Tədbir iştirakçıları sonra Hindarx qəsəbəsindəki Şəhidlər xiyabanına gələrək şəhidlərin məzarını ziyarət edib, abidə önünə tər qərənfillər qoyublar.