REGİONLAR
Ağcabədili məzunlardan 292 nəfəri tələbə adını qazanıb
AZƏRTAC xəbər verir ki, görüşdən əvvəl gənclər ulu öndər Heydər Əliyevin şəhərin mərkəzi meydanındakı abidəsi önünə tər çiçəklər düzərək xatirəsini ehtiramla yad etdilər.
Tələbələr sonra Heydər Əliyev Mərkəzində dahi rəhbərin həyat və fəaliyyətini əks etdirən eksponatlarla tanış oldular, xatirə şəkili çəkdirdilər.
Tədbirdə çıxış edənlər ölkədə təhsilin inkişafına göstərilən dövlət qayğısından, bu sahədə əldə edilən uğurlardan danışdılar. Natiqlər tələbə adını qazanan gəncləri təbrik edərək, onlara uğurlar dilədilər, yüksək bilikli mütəxəssis kimi yetişmək üçün yaxşı oxumağı və Vətənə ləyaqətlə xidmət göstərməyi tövsiyə etdilər.
Məlumat verildi ki, bu il rayonun orta ümumtəhsil məktəblərini bitirən 1314 məzundan 621 nəfəri ali məktəblərə keçirilən imtahanlarda iştirak etmək üçün sənəd verib və onlardan 292 nəfəri tələbə adını qazanıb. Gənclərdən 34 nəfəri 500-600 arası, 13 nəfəri isə 600-dən çox bal toplayıb. İmtahanlarda 682 bal toplayan Ağcabədi şəhər 3 nömrəli məktəb-liseyin məzunu Anar Mütəllimov rayon üzrə ən yüksək nəticə göstərərək, Türkiyənin Gülhanə Hərbi Tibb Akademiyasına daxil olub.
Tədbirdə çıxış edən gənclər göstərilən diqqət və qayğıya görə minnətdarlıqlarını bildirərək, müəllim və valideynlərinin etimadını doğruldacaqlarına, bilik və elmlərə əzmlə yiyələnib ölkəmiz üçün savadlı mütəxəssis kimi yetişəcəklərinə söz verdilər.
Qəbul imtahanlarında 500-dən yuxarı bal toplayan tələbələrə rayon icra hakimiyyətinin fəxri fərmanı və hədiyyələr verildi.