Ağdaşda şair Maqsud Şeyxzadənin 105 illik yubileyi qeyd edilmişdir
Ağdaş, 17 noyabr (AZƏRTAC). Azərbaycan və özbək ədəbi əlaqələrinin inkişafında böyük xidmətləri olmuş dramaturq, tərcüməçi, şair və ədəbiyyatşünas Maqsud Şeyxzadənin anadan olmasının 105 illiyi münasibətilə Ağdaş rayonunda tədbir keçirilmişdir.
AZƏRTAC xəbər verir ki, Ağdaş rayon Mərkəzi Kitabxananın və Maqsud Şeyxzadənın Ev Muzeyinin birgə təşkilatçılığı ilə keçirilən “İki xalqın şairi-Maqsud Şeyxzadə” adlı yubiley tədbirində təhsil və mədəniyyət işçiləri, gənc şair və yazıçılar, məktəblilər iştirak etmişlər. Tədbir iştirakçıları əvvəlcə Maqsud Şeyxzadənın Ağdaş şəhərindəki ev muzeyinin eksponatları ilə tanış olmuşlar.
Muzeyin direktoru Məhəbbət Səfərova şairə məxsus əşyalar, əsərlər, əlyazmalar barədə məlumat vermişdir.
Tədbirdə şairin həyat və yaradıcılığı haqqında geniş məlumat verilmiş, onun Azərbaycan və özbək ədəbiyyatında xüsusi yer tutduğu qeyd edilmişdir. Natiqlər Maqsud Şeyxzadənin Ağdaş torpağının yetişdirdiyi ən məşhur simalarından biri olduğunu qeyd etmiş, onun yaradıcılığının şagirdlərə tanıdılması üçün vaxtaşırı məlumatların verilməsinin vacibliyi vurğulanmışdır. Sonra şairə həsr edilmiş "İki xalqın oğlu" filmi nümayiş etdirilmişdir.
Tədbir iştirakçıları şagirdlər ifasında şairin şeirlərini dinləmiş, onun yaradıcılığı ilə bağlı təşkil edilən sərgidə şairin Azərbaycan və rus dillərində çap olunmuş əsərləri, onun haqqında kitablar və dövri mətbuat materialları ilə tanış olmuşlar.