Ağrılı illərdən işıqlı sənətə doğru
Haqverdiyevlərin sənət dünyası
Bakı, 9 dekabr, AZƏRTAC
Ötən yüzilliyin birinci yarısında daxili “düşmən” axtarışına sürüklənən sovet cəmiyyətinin öz əli ilə çox işıqlı simalarına, o cümlədən də gözəllik aşiqi olan rəssamlara qənim kəsilmələri mahiyyətinə görə heç şübhəsiz təzadlarla dolu tariximizin heç nə ilə yuya bilməyəcəyimiz qara ləkəsidir, desək, həqiqəti söyləmiş olarıq. O vaxtlar taleyi kommunist rejiminin məntiqsiz qadağalarına tuş gəlmiş rəssamlardan biri də Həsən Əli oğlu Haqverdiyev (1917-1978) olub...
Əslən Arazın o tayından olan, Qərbi Azərbaycanda dünyaya gələn Həsən kiçik yaşlarından yaşadığı Bakı mühitində arzularını qanadlandıracaq rəssamlıq məktəbində oxumuşdu. Təsviri sənətimizin canlı korifeyi sayılan Əzim Əzimzadədən dərs alan, qeyri-adi istedadı ilə müəlliminin rəğbətini qazanan gənc Həsən hələ tələbəlik illərindən respublika sərgilərində fəal iştirak etmiş, təhsil sonrası illərdə çoxlarını heyrətləndirən bir-neçə tarixi mövzulu əsərlər çəkmiş, o cümlədən sevimli müəllimi Ə.Əzimzadənin bu gün də dəyərini itirməyən portretini yaratmışdı. Amma ümumi qaydada Ordu sıralarına çağırılmasının İkinci Dünya savaşı iştirakçısına çevrilməsi ilə əvəzlənməsi onun həyatının ağlasığmaz dərəcədə dramatik məzmun almasını şərtləndirdi. Belə ki, müharibədə ağır yaralanandan sonra alman “əsir düşərgəsi”nin dəhşətli əzablarını dadmış gənc rəssam, yarımçıq qalmış yaradıcılıq arzularını Qələbədən sonra gerçəkləşdirmək niyyəti ilə yaşadığı bir vaxtda “etibarsız adam” və “xalq düşməni” damğaları ilə uzaq Kominin həbs düşərgələrində yaşamağa məcbur edildi. Amma bu da onun üçün son sınaq olmadı...
Gözlənilməz ailə dramını yaşamağa məcbur olan rəssam, Stalinin vəfatından sonra bəraət alıb vətənə dönsə də, müharibə “ləkə”si onu izləməkdə davam edir və o, cəmiyyət üçün “etibarsız” sayıldığından o dövrün məntiqsiz tələblərinə əsasən paytaxtda yox, əyalətdə - Ucarda yaşamalı olur. Yalnız əllinci illərin sonlarından başlayaraq sərgilərdə iştirakı ilə yaşayıb-yaratmaq eşqini ruhuna qaytaran Həsən Haqverdiyev tarixi mövzuda çəkdiyi tabloları ilə zorən yaşadığı “fasilə”nin onun istedadına bir o qədər də təsir göstərmədiyini sərgilədi.
Onun bir qərinəlik yaradıcılığı mövzu və janr baxımından zənginliyi ilə seçilir. Uzaq-yaxın keçmişin bədiiləşdirilməsinə xüsusi maraq göstərən rəssam müxtəlif illərdə tarixi janrda maraqlı əsərlər yaratmışdır. Onun “ Şəki Xan sarayında cəza” (1937), “A.S.Puşkinin A.S.Qriboyedovun cənazəsi ilə qarşılaşması” (1937), “N.Nərimanov fəhlələr arasında” (1955), “İlk kəndli qurultayı” (1955), “Füzuli oğlu Fəzlinin şeirini dinləyir” (1958), “Ölməzlər” (1961), “M.P.Vaqif mədrəsədə” (1968), “Oyanma” (1970) və s. süjetli tabloları realist-gerçəkçi bədii həllinə görə yaşanan hadisələrin inandırıcı və təsirli tutumda gələcəyə daşımaq gücündədirlər, desək, yanılmarıq.
Rəssamın bədii irsində əhatə olunduğu gerçəkliyə onun yaddaqalan bədii münasibətini əks etdirən əsərlər də az deyil. “Balaca çoban”, “Bahar”, “Çoban qız”, “Sülh üçün”, “Yaylaqda”, “Balaca rəssam” və “Quzular” əsərlərində müəllifin süjetin lirik-poetik təqdimatının tamaşaçıda duyğulandırıcı ovqat yaratması hiss olunandır.
Yaradıcılığında janr məhdudluğu hiss olunmayan Həsən Haqverdiyevin zaman-zaman çəkdiyi çoxsaylı portret və mənzərələrdə də onun obrazlara və məkanlara cəlbedici tutum vermək istəyi qabarıqdır. Bütünlükdə, rəngkarlıq əsərlərində müşahidə olunan realist bədii prinsiplərin miniatür ənənələri ilə qovuşması nəticəsində formalaşan dəstxətini onun “tanınma nişanı”, sənətkar “mən”inin təsdiqi saymaq olar.
Azərbaycan ictimaiyyətinin Həsən Haqverdiyevi daha çox görkəmli qrafika ustası kimi tanıması da etiraf olunan faktdır. Buna səbəb ölkənin məşhur satirik jurnalı olan “Kirpi”də onun davamlı olaraq dadlı-duzlu karikaturalarının, qəzet-jurnal səhifələrində dostluq şarjlarının, təbliğat xarakterli müxtəlif mövzulu plakatlarının çap olunmasıdır. Bu nəşrlərin zamanında minlərlə oxucusunun olması Həsən Haqverdiyev imzasını hamıya kifayət qədər tanıtdırılmasında az rol oynamamışdı.
Rəssamın müxtəlif peşə adamlarına həsr olunan dostluq şarjlarında insanların daşıdıqları ikonoqrafik dəqiqliyi onları başqalarından fərqləndirən fizioloji əlamətlərin qabardılmasından əldə olunan nəticə - bədii bütövlük həmin şarjların unikal sənət nümunəsinə çevrilməsini şərtləndirmişdir. Odur ki, belə şarjlar onun tamaşaçısında gülüş və təbəssüm yaratmaqla yanaşı, həm də icra sənətkarlığının yüksəkliyinə görə çoxqatlı estetik hisslər aşılayır.
Rəssamın vaxtaşırı çəkdiyi plakatlarda mövzu aktuallığı ilə ifadə müasirliyi, müxtəlif kitablara çəkdiyi illüstrasiyalarda, dekorasiyalarını və geyim eskizlərini çəkdiyi tamaşalarda müəllif mətninə yaradıcı nüfuzun mövcudluğu onun ərsəyə gətirdiyi qrafik nümunələrin çəlbediciliyini və düşündürücülüyünü təmin etmişdir.
Zamanında Həsən Haqverdiyevin rəngkarlıq və qrafik yaradıcılığını dəyərləndirən yaxın dostu, Xalq Rəssamı Tağı Tağıyev sənətkarın tablolarına xas lirizmin və özünəməxsus koloritin onun üslubunun göstəricisi, dostluq şarjlarındakı ifadə vasitələrinin yığcamlığının isə ifadəliliyin əldə olunmasında önəm kəsb etdiyini vurğulamasını obyektiv dəyərləndirmə saymaq olar.
Yaratdıqlarının çoxəsrlik təsviri sənətimizin sovet mərhələsinin bədii saxlancına layiqli töhfə olduğunu fəhmən duyan Həsən müəllim, zamanında ona fəxri adın verilməməsindən də üzülmədi, əksinə, özünü də, balalarını da rejimə yox, sənətə vicdanla xidmət etməyə kökləyə bildi. Çünki belə səmimi münasibətə nə vaxtsa zamanın dəyər verəcəyinə o, bütün varlığı ilə inanırdı. İştirakçısı olduğunuz sərgi də bunun göstəricisidir.
Bu yerdə işıqlı əməlləri ilə Azərbaycan tarixinə qürurdoğurucu şöhrət gətirən Kəngərlilər, Şahtaxtinskilər, Rəfibəylilər, Rəsulzadələr, Qaryağdılar, Vəkilovlar və Qarayevlər nəslini yada salmaqla, Haqverdiyevlərin də milli təsviri sənətimizin zənginləşməsinə duyulası töhfələr verdiyini vurğulamaq istərdik. Bu gün Azərbaycan təsviri sənət tarixinin uzaq-yaxın səhifələrini ona qədər Haqverdiyev soyadlı rəssamın bəzəməsi də dediklərimizə əyani sübutdur.
Rəssamın məşhur “Əzimzadə məktəbi”ndə və Ü.Hacıbəyli adına Bakı Musiqi Akademiyasında təhsil alan böyük oğlu Əli (1939-1992) sənət aləmində opera müğənnisi və kino aktyoru kimi tanınsa da, özünü dərk edəndən ömrünün sonuna kimi rənglərə olan sevgisi bir an belə səngimədi. Onun müxtəlif janrlı əsərləri də bunu təsdiqləyir.
Əlinin İ.L.Karacale adına Milli Teatr və Kino Universitetini (Rumıniya) bitirən və bu gün onun gerçəkləşdirə bilmədiyi rəssamlıq arzularını həyata keçirməyə çalışan oğlu Fərhadın əsərlərində isə bizi əhatə edən mühitə bədii-konseptual münasibətin ifadəsini görmək mümkündür.
Sənətkarın Bakıda Ə.Əzimzadə adına rəssamlıq məktəbində, Sankt-Peterburqda isə A.Ştiqlits adına Bədii-Sənaye Akademiyasında təhsil alan digər oğlu, Əməkdar Rəssam Hüseyn isə çağdaş sənət məkanında özündə ənənə ilə müasirliyi birləşdirən orijinal bədii şərhli heykəllərin, rəngkarlıq və qrafika əsərlərinin müəllifi kimi məşhurdur. Onun zamanla dialoq kimi qəbul olunan müxtəlif mövzulu-fəlsəfi tutumlu əsərləri tamaşaçı düşüncələrini kifayət qədər qanadlandırmaq gücündədirlər.
Hüseynin hazırda ABŞ-da yaşayan bacısı Səidə isə keramika sənəti ilə məşğuldur. Bakıda (Ə.Əzimzadə adına rəssamlıq məktəbində və Azərbaycan Dövlət İncəsənət İnstitutunda təhsil alıb) ixtisas təhsili alan rəssamın keramik kompozisiyalarında zaman, forma və rəng münasibətlərinin qovşağını əks etdirən plastik tutumun cəlbedici improvizələrini görmək olar.
Hüseynin kiçik qardaşı Ucal (1960-2004) Bakıda - əvvəlcə Ə.Əzimzadə adına rəssamlıq məktəbində, sonra isə N.Tusi adına Azərbaycan Dövlət Pedaqoji Universitetində təhsil almaqla, çox tez bir zamanda dünyaya özünəməxsus baxışı olan rəssam kimi tanınmışdır. Onun divar rəsmlərində və çoxsaylı dəzgah rəngkarlığı nümunələrində insan gözəlliyinin “zaman və gerçəklik” kontekstində gerçəkləşən bədii yozumu kifayət qədər təsirli və duyğulandırıcıdır.
Ucalın ixtisas təhsilini N.Tusi adına Azərbaycan Dövlət Pedaqoji Universitetində alan həyat yoldaşı Yelenanın gerçəkliyə bədii münasibətində isə Şərq motivlərinə və bədii ənənələrinə müasir yanaşma, onların interpretasiyası-təfsiri duyulmaqdadır.
Ucal və Yelenanın oğlu Butunay əvvəlcə Bakıdakı “Əzimzadə məktəbi”ndə təhsil alıb, sonra isə Moskvadakı Britaniya ali dizayn məktəbində oxuyub. Onun heykəl və instalyasiyalarında insan duyğularının haldan-hala düşməsinin düşündürücü bədii əksini görmək mümkündür.
Hüseynin atasının adını daşıyan oğlu Həsən çox gənc olmasına baxmayaraq gerçəkliyə çox fərqli münasibəti olduğunu(Azərbaycan Texniki Universitetini bitirmişdir) elə ilk fərdi sərgisində əyaniləşdirməklə, şüuraltı düşüncəsində hifz olunanların duyulası sirr qatına bələndiyini tamaşaçıya nümayiş etdirməyə nail olub.
Hüseynin Ə.Əzimzadə adına rəssamlıq məktəbini və Azərbaycan Rəssamlıq Akademiyasını bitirən qızı Səbinənin yaradıcılığında da bizi əhatə edən gerçəkliyə, tuş gəldiyimiz hadisələrə özünəməxsus münasibət, görünənlərin bədii təfsiri duyulmaqdadır.
XX-XXI əsr Azərbaycan təsviri sənətində özünəməxsus iz salmış Haqverdiyevlər nəslinin yaradıcılığının çox qısa və yığcam şərhi göstərir ki, rəhmətlik Həsən müəllimin ruhu insan mənəviyyatını zənginləşdirən əsərləri ilə yanaşı, onun sənətini ləyaqətlə davam etdirən oğul, qız və nəvə yaradıcılığında uğurla yaşamaqdadır. Baba Həsəndən nəvə Həsənə qədər uzanan bu əhatəli “mənəviyyat qatarı” estetik xəritəsinə görə özünəməxsus, zamansızlığa qovuşmuş tutumdadır. Odur ki, hələ bundan çox-çox sonralar da sərgi salonlarında tamaşaçılar qürurla Haqverdiyev soyadını səsləndirə biləcəklər...
Ziyadxan Əliyev
Əməkdar İncəsənət Xadimi,
sənətşünaslıq üzrə fəlsəfə doktoru