Ağstafada Kitab bayramı keçirilib
Ağstafa, 23 aprel, Vüsalə Cənnətova, AZƏRTAC
Ağstafa şəhərində “Konstitusiya və Suverenlik İli”nə həsr olunmuş Kitab bayramı keçirilib.
AZƏRTAC-ın bölgə müxbirinin verdiyi məlumata görə, ictimai-mədəni tədbir rayon icra hakimiyyəti və Tovuz-Qazax Regional Mədəniyyət İdarəsinin birgə təşkilatçılığı ilə Səməd Vurğun adına istirahət parkında təşkil edilib. Kitabsevərlərin marağını çəkən Kitab bayramında görkəmli şəxsiyyətlərin həyat və fəaliyyətindən bəhs edən nəşrlər, dünya və Azərbaycan ədəbiyyatı nümunələri, ağstafalı yazarların əsərləri sərgilənib.
Çıxışlarda kitaba sevginin, mütaliənin önəmindən söz açılıb, ölkəmizdə kitabxana şəbəkəsinin sürətli inkişafı, kitabxanaçı kadrların hazırlanması sahəsində səmərəli tədbirlərdən danışılıb. Kitabxanaların maddi-texniki bazasının möhkəmləndirilməsi istiqamətində bütün zəruri addımların atıldığı diqqətə çatdırılıb.
Uşaqların təqdimatında bilik mənbəyi olan kitaba həsr olunmuş ədəbi-bədii kompozisiyalar nümayiş etdirilib, incəsənət nümayəndələri milli-mənəvi dəyərlərimizi ehtiva edən musiqilər səsləndiriblər.
Sonda rayonda təşkil olunan mədəni-kütləvi tədbirlərdə fəal iştirak edən bir qrup şəxs fəxri fərmanlarla təltif olunub.