Ağsuda Dövlət Bayrağı Günü böyük təntənə ilə qeyd olunmuşdur
Ağsu, 9 noyabr (AZƏRTAC). Ağsu şəhərindəki Bayraq meydanında 9 noyabr - Dövlət Bayrağı Gününə həsr edilmiş mərasim keçirilmişdir.
AZƏRTAC xəbər verir ki, tədbir iştirakçıları əvvəlcə şəhərin mərkəzindəki Heydər Əliyev parkında ümummilli liderin abidəsi önünə tər çiçəklər düzmüş, xatirəsini ehtiramla yad etmişlər.
Sonra mərasim bayramsayağı bəzədilmiş Bayraq meydanında davam etdirilmişdir. Dəmir-beton özül üzərində qurulmuş metal konstruksiyalı, 68 metr hündürlükdə olan bu bayraq ağsuluların qürur yeridir.
Meydanda Dövlət himni səsləndirilmişdir.
Rayon icra hakimiyyətinin başçısı Ənvər Seyidəliyev tədbiri açaraq demişdir ki, Azərbaycan Respublikasının Dövlət Bayrağı Azərbaycan dövlətinin suverenliyinin rəmzidir.
Sonra icra aparatının məsul işçisi Mirqubat Orucov “Dövlət Bayrağımız müstəqilliyimizin rəmzidir” mövzusunda məruzə ilə çıxış etmişdir.
Qeyd olunmuşdur ki, Azərbaycan Respublikasının Dövlət bayrağı 1918-ci il noyabrın 9-da Azərbaycan Xalq Cümhuriyyəti Hökumətinin iclasında qəbul edilmiş və 1920-ci ilin aprel ayınadək dövlət statusuna malik olmuşdur. Həmin bayraq 1990-cı il noyabrın 17-də Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri, xalqımızın ümummilli lideri Heydər Əliyevin təşəbbüsü və rəhbərliyi ilə keçirilən sessiyada Naxçıvan Muxtar Respublikasının dövlət bayrağı olaraq təsdiq edilmişdir. 1991-ci il fevralın 5-də Azərbaycan Respublikasının Ali Soveti “Azərbaycan Respublikasının Dövlət bayrağı haqqında” Qanun qəbul edərək onu Dövlət bayrağı elan etmişdir.
Prezident İlham Əliyevin 2009-cu il 17 noyabr tarixli Sərəncamı ilə hər il noyabrın 9-u Dövlət Bayrağı Günü kimi qeyd olunur.
Bildirilmişdir ki, Azərbaycan Respublikası Prezidentinin “Azərbaycan Respublikasının paytaxtı Bakı şəhərində Dövlət Bayrağı Meydanının yaradılması haqqında” Sərəncamı Dövlət bayrağının dövlət rəmzləri sırasında xüsusi yerini müəyyən etmişdir.
Tədbir Heydər Əliyev parkında təşkil edilən bayram konserti ilə başa çatmışdır.