Ağsuda əhalinin kütləvi tibbi müayinəsi uğurla davam edir
Ağsu, 16 mart, AZƏRTAC
Ağsu rayonunda əhalinin kütləvi tibbi müayinədən keçirilməsi ilə əlaqədar fevralın 12-dən başlanan kampaniya müvəffəqiyyətlə davam edir və artıq 26 min 619 nəfər bu humanist aksiyadan faydalanıb.
Rayon mərkəzi xəstəxanasından AZƏRTAC-ın bölgə müxbirinə bildirilib ki, tibbi müayinədən keçənlərin 1107 nəfəri ambulator, 47 nəfəri stasionar müalicəyə cəlb edilib, 12 nəfərin üzərində cərrahiyyə əməliyyatı aparılıb. Daha 66 nəfər Bakı şəhərinə, ixtisaslaşdırılmış tibb müəssisələrinə göndərilib.
Sakinlərin kütləvi tibbi müayinəsi rayon mərkəzi xəstəxanasında və 8 kənd həkim məntəqəsində aparılır. Dörd səyyar həkim briqadası tərtib edilən qrafik üzrə yerlərdə olur, habelə mərkəzi xəstəxanaya və məntəqələrə gəlmək imkanı olmayan ahıl və xəstə insanlara evlərində xidmət göstərir.
Qeyd edək ki, Prezident İlham Əliyevin təşəbbüsü ilə keçirilən bu xeyirxah aksiyadan təkcə Ağsu rayonunda 56 min nəfərədək sakin faydalanacaq.