Ağsuda talassemiyalı uşaqlar üçün qanvermə aksiyası keçirilib
Ağsu, 4 fevral, AZƏRTAC
Milli Hematologiya və Transfiziologiya Mərkəzinin nəzdindəki Mərkəzi Qan Bankı fevralın 4-də Ağsu rayonunda qanvermə aksiyası keçirib.
Təşkilat şöbəsinin müdiri, həkim Gülarə Abbasova AZƏRTAC-ın bölgə müxbirinə bildirib ki, qanvermə aksiyası talassemiya xəstəliyindən əziyyət çəkən uşaqlar üçün nəzərdə tutulub.
Rayon mərkəzi xəstəxanasında təşkil olunan qanvermə aksiyasında idarə və təşkilatların, ictimaiyyətin nümayəndələri yüksək fəallıq nümayiş etdiriblər. 200 nəfərdən çox vətəndaş müraciət edib, hərtərəfli tibbi müayinədən sonra 140 nəfərdən qan götürülüb.
Qanvermə aksiyasında rayon təhsil işçiləri, polis əməkdaşları, səhiyyə işçiləri daha çox fəallıq göstəriblər.