Ağsuda Veteranlar Təşkilatının X konfransı keçirilib
Ağsu, 18 noyabr, AZƏRTAC
Ağsuda rayon Veteranlar təşkilatının X konfransı keçirilib. Konfransa rayon icra hakimiyyətinin başçısı Rövşən Bağırov, Azərbaycan Respublikası Müharibə, Əmək, Silahlı Qüvvələr Veteranları Təşkilatı sədrinin müavini, ehtiyatda olan polkovnik Cəlil Xəlilov, veteranlar, şəhid ailələri, qazilər, Vətən müharibəsi iştirakçıları qatılıblar.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, konfransda Azərbaycanın Dövlət Himni səsləndirilib, Vətən müharibəsi şəhidlərinin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Uşaq-Gənclər Yaradıcılıq Mərkəzində təşkil olunan konfransda rayon Veteranlar təşkilatının sədri Cəmaləddin Zeynalovun məruzəsi dinlənilib. Vurğulanıb ki, Prezident İlham Əliyevin rəhbərliyi ilə ölkəmizdə ardıcıl islahatlara əsaslanan sosial-iqtisadi inkişaf strategiyası öz bəhrəsini verir. Azərbaycan bu gün regionun ən güclü ölkəsidir. Məhz bu güc 44 günlük Vətən müharibəsində işğalçı Ermənistanı diz çökdürdü, 30 il işğal altında qalan torpaqlarımız azad edildi. İndi dağıdılan, viran edilən Qarabağımızda geniş bərpa işləri aparılır. Məruzəçi vurğulayıb ki, bu gün respublikamızın hər yerində, o cümlədən Ağsuda iqtisadiyyat yüksəlir, insanların həyat səviyyəsi yaxşılaşır.
Qeyd olunub ki, veteranlar rayonun ictimai-mədəni həyatında fəal iştirak edir, gənc nəslin vətənpərvərlik tərbiyəsi ilə əlaqədar mütəmadi tədbirlər keçirirlər. Veteranlara göstərilən qayğıdan söhbət açılarkən bildirilib ki, hər il 10-15 nəfər müalicə üçün Mərdəkana sanatoriya tipli xəstəxanaya göndərilir. Novruz bayramında veteranlar üçün bayram süfrəsi təşkil edilir və digər yardımlar olunur.
Sonra təftiş komissiyasının hesabatı dinlənilib.
Məruzə ətrafında müzakirələrdə veteranlar Yaşar Qarayev, Tahir Xasi, Əmrulla Kərimov və başqaları çıxış ediblər.
Konfransda Veteranlar Təşkilatı sədrinin müavini Cəlil Xəlilov, rayon icra hakimiyyətinin başçısı Rövşən Bağırov çıxış edərək, ölkəmizdə veteranlara göstərilən dövlət qayğısından danışıblar.
Sonra rayon Veteranlar Təşkilatının plenum üzvləri, rəyasət heyətinin yeni tərkibi seçilib. Cəmaləddin Zeynalov yenidən rayon Veteranlar Təşkilatının sədri seçilib, Təftiş komissiyasının yeni tərkibi seçilərək təsdiq edilib.
Sonda bir qrup fəal veterana rayon icra hakimiyyətinin və Azərbaycan Respublikası Müharibə, Əmək, Silahlı Qüvvələr Veteranları Təşkilatının fəxri fərmanları verilib.