AHİK-in yaradılmasının 33 illiyi qeyd olunub
Bakı, 9 fevral, AZƏRTAC
Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının (AHİK) yaradılmasının 33 illiyinə həsr olunmuş tədbir keçirilib.
AHİK-dən AZƏRTAC-a bildirilib ki, tədbirdə əvvəlcə Dövlət Himni səsləndirilib, Ulu Öndər Heydər Əliyevin və şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Konfederasiya sədri Sahib Məmmədov AHİK-in tarixi və fəaliyyəti barədə məlumat verib, keçdiyi inkişaf yoluna nəzər salıb. 1994-cü ildə xalqımızın Ümummilli Lideri Heydər Əliyevin təşəbbüsü ilə qəbul edilmiş “Həmkarlar ittifaqları haqqında” Qanunun Konfederasiyanın formalaşmasında, həmkarlar ittifaqlarının inkişafında və vətəndaş cəmiyyətinin möhkəmlənməsində mühüm rolu qeyd olunub.
Vurğulanıb ki, Prezident İlham Əliyevin həmkarlar ittifaqlarına göstərdiyi davamlı diqqət və dəstək əmək hüquqlarının qorunmasına, sosial dialoqun gücləndirilməsinə və layiqli əmək şəraitinin təmin olunmasına mühüm töhfə verir. Bunun nəticəsidir ki, təşkilat əmək münasibətlərinin tənzimlənməsində mühüm rol oynayır. Eyni zamanda, Birinci vitse-prezident Mehriban Əliyevanın təşəbbüsü ilə həyata keçirilən, həmkarlar ittifaqı üzvlərini də əhatə edən humanitar layihələrin ölkəmizin sosial-iqtisadi inkişafında əhəmiyyəti diqqətə çatdırılıb.
Sonra AHİK-in fəaliyyətindən bəhs edən videoçarxlar nümayiş olunub.
Həmkarlar ittifaqlarının veteran üzvü Leyla Acalova, Gənclər üçün Prezident mükafatçısı, Qarabağ Universitetinin əməkdaşı Lamiyə Məmmədova, Vətən müharibəsi iştirakçıları, həmkarlarımız Ruslan Bağırov və Saleh Salahov çıxış edərək Konfederasiyanın 33 illik fəaliyyətinin zəngin bir irs olmaqla yanaşı, gələcəyə doğru inkişaf yolunda mühüm motivasiya mənbəyi olduğunu qeyd ediblər.
Sonda AHİK-in fəaliyyətində fərqlənən veteranlar, gənc həmkarlar və könüllülər Konfederasiya tərəfindən təşəkkürnamələrlə təltif olunublar.
Tədbir bədii hissə ilə davam edib.