AHİK Zəfər Günü ilə əlaqədar 4200 aztəminatlı ailəyə sovqat göndərib
Bakı, 6 noyabr, AZƏRTAC
Noyabrın 6-da Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyası (AHİK) tərəfindən 8 Noyabr - Zəfər Günü münasibətilə Respublikanın rayonlarında yaşayan 4200 aztəminatlı ailə, o cümlədən şəhid və qazi ailələri üçün ərzaqla dolu avtomobil karvanı yola salınıb.
AZƏRTAC xəbər verir ki, bundan başqa, noyabrın 3-də Naxçıvan Muxtar Respublikasında yaşayan həmin kateqoriyadan olan 1250 ailəyə də bayram sovqatı verilib.
Bununla da AHİK-in 2020-ci ildən indiyədək yardım göstərdiyi ailələrin sayı 51 min 915-ə çatıb.
Qeyd edək ki, sahə həmkarlar ittifaqları və onların yerli təşkilatları da bu ərəfədə bütün bölgələr üzrə qeyd edilən kateqoriyadan olan ailələrə ərzaq yardımları göstərirlər.