ELM VƏ TƏHSİL
Akademik İradə Hüseynova: Torpaqlarımızın azadlığı uğrunda canlarından keçmiş şəhidlərimizlə fəxr edirik


Bakı, 27 sentyabr, AZƏRTAC
Elm və Təhsil Nazirliyinin Molekulyar Biologiya və Biotexnologiyalar İnstitutunda 27 Sentyabr - Anım Günü münasibətilə tədbir keçirilib.
İnstitutdan AZƏRTAC-a bildirilib ki, öncə tədbir iştirakçıları şəhidlərin və antiterror tədbirləri zamanı həlak olan Vətən oğullarının əziz xatirəsini bir dəqiqəlik sükutla yad ediblər.
Tədbirdə institutun baş direktoru akademik İradə Hüseynova bildirib ki, ölkəmizin ərazi bütövlüyü yolunda canlarını fəda etmiş əsgər və zabitlərimizə, bütün şəhidlərimizə dərin ehtiram əlaməti olaraq, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 2020-ci il 2 dekabr tarixli Sərəncamı ilə hər il sentyabr ayının 27-si Azərbaycan Respublikasında Anım Günü kimi qeyd edilir. Akademik İradə Hüseynova Azərbaycan Ordusunun bünövrəsinin Ümummilli Lider Heydər Əliyev tərəfindən qoyulduğunu və Prezident İlham Əliyev tərəfindən inkişaf etdirilərək dünyanın ən müasir silahları ilə təchiz olunmuş qüdrətli orduya çevrildiyini qeyd edib. “Biz torpaqlarımızın azadlığı uğrunda canlarından keçmiş şəhidlərimizlə, sağlamlığını itirmiş qazilərimizlə, Vətən üçün belə igidlər yetişdirmiş şəhid və qazilərin valideynləri ilə fəxr edirik. Biz otuzillik işğala son qoymuş və ərazi bütövlüyümüzü bərpa etmiş Ali Baş Komandanımız və Ordumuzla fəxr edirik. Bu gün və bundan sonra da Prezidentin qeyd etdiyi kimi, Azərbaycan xalqı müzəffər xalq və qalib dövlət kimi əbədi yaşayacaq”, - deyə akademik vurğulayıb.
Tədbirdə çıxış edən Vətən müharibəsinin iştirakçısı, qazi Ceyhun Abdullayev xalqımızın bir yumruq kimi Azərbaycan bayrağı altında birləşərək Vətən uğrunda həmişə ölümə getməyə hazır olduğunu bildirib. AMEA-nın müxbir üzvləri İbrahim Əzizov, Novruz Quliyev və Birinci Qarabağ müharibəsinin veteranı Nurməmməd Mustafayev Ali Baş Komandanımızın siyasi iradəsi, Ordumuzun şücaəti, əsgər və zabitlərimizin canı, qanı bahasına Azərbaycanın ərazi bütövlüyünün bərpa olunduğunu, haqq-ədalətin öz yerini tapdığını qeyd ediblər.
Daha sonra Birinci Qarabağ müharibəsi zamanı yaxınlarını itirən Ələmdar Məmmədov, Fəzail Məmmədov və Qənfilə Bayramova o qanlı günlər haqqında xatirələrini bölüşüb və Azərbaycanın ərazi bütövlüyünün bərpası üçün daim şəhidlərə və qazilərə borclu olduğumuzu qeyd ediblər.
Tədbirin sonunda Anım Gününə həsr olunmuş videoçarx nümayiş etdirilib.