Akademik Seyfəddin Əliyev fundamental tədqiqatları ilə zoologiya elminin inkişafına mühüm töhfələr verib
Bakı, 25 may, AZƏRTAC
Mayın 25-də Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Zoologiya İnstitutunda görkəmli entomoloq alim, akademik Seyfəddin Əliyevin həyat və yaradıcılığına həsr olunan tədbir keçirilib.
İnstitutdan AZƏRTAC-a bildirilib ki, bu elm müəssisəsinin direktoru, fizika-riyaziyyat üzrə fəlsəfə doktoru Elman Yusifov Azərbaycanda zoologiya elminin inkişafına fundamental tədqiqatları ilə mühüm töhfələr vermiş Seyfəddin Əliyevin yüksəkixtisaslı kadrların hazırlanması sahəsindəki xüsusi xidmətlərindən bəhs edib. Diqqətə çatdırıb ki, fəaliyyəti boyunca yorulmaq bilməyən alim Azərbaycanda 13 yarımfəsiləyə və 217 cinsə mənsub 709 növ, 16 yarımnöv 84 forma aşkar edib. Bunlardan 445 növ, 75 forma Azərbaycanın sovka faunası, 67 növü keçmiş SSRİ-nin ərazisi üçün yeni olub. Aşkarlanan növlərdən 33-ü Azərbaycanın, 32-si isə Qafqazın endemikidir. S.Əliyev, həmçinin pambıq sovkasının sayını təbiətdə tənzimləyən 21 növ parazit, 12 növ yırtıcı cücünün sovkanı tələf etməkdə rolunu müəyyənləşdirib. Bu tədqiqatın nəticəsi inteqrasiya mübarizə üsulu kimi təsərrüfatlarda tətbiq olunub. O, 168 elmi əsərin, o cümlədən dörd monoqrafiyanın, təsərrüfat işçilərinə kömək məqsədilə yazılmış dörd kitabın, üç elmi-kütləvi kitabçanın, oncildlik “Azərbaycan ensiklopediyası”nda dərc olunan 50 məqalənin müəllifidir.
İnstitutun parazitologiya laboratoriyasının müdiri, biologiya üzrə elmlər doktoru Qara Fətəliyev, biologiya üzrə elmlər doktoru Canbaxış Nəcəfov görkəmli alimlə bağlı xatirələrini bölüşüblər.
Sonda akademik S.Əliyevin həyat və yaradıcılığı haqqında sənədli film nümayiş olunub.