Akademiyanın hüquqşünas tələbələri “Ailə hüququnda vətəndaşlıq vəziyyəti aktları” mövzusunda mühazirə dinləyiblər
Bakı, 15 dekabr, AZƏRTAC
Dekabrın 15-də Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının (DİA) hüquqşünaslıq ixtisası üzrə təhsil alan 4-cü kurs tələbələri Ədliyyə Nazirliyinin Notariat, qeydiyyat və reyestr baş idarəsində “Ailə hüququnda vətəndaşlıq vəziyyəti aktları” mövzusunda mühazirə dinləyiblər.
AZƏRTAC xəbər verir ki, mühazirə zamanı tələbələrə sahənin nəzəri və praktiki aspektləri barədə məlumat verilib, vətəndaşlıq vəziyyəti aktlarının anlayışı, doğumun, adın, ata adının və soyadının verilməsi və dəyişdirilməsinin, nikahın bağlanmasının və pozulmasının, övladlığa götürmənin, atalığın və ölümün qeyd olunması, vətəndaşlıq vəziyyəti aktlarını qeydə alan orqanlar, akt kitabları, vətəndaşlıq vəziyyəti aktlarının qeydə alınma qaydaları, vətəndaşlıq vəziyyəti akt qeydində dəyişiklik edilməsi barədə ətraflı məlumatlar verilib.
Akademiyanın Hüquq kafedrasının müdiri, professor İsaxan Vəliyev Ədliyyə Nazirliyi ilə Dövlət İdarəçilik Akademiyası arasında əməkdaşlıq əlaqələrindən, son illər DİA-nın hüquqşünaslıq ixtisası üzrə təhsil almış məzunlarının Ədliyyə Nazirliyi sistemində işlə təmin edilməsindən bəhs edib.
Notariat, qeydiyyat və reyestr baş idarəsinin Əhalinin dövlət reyestri və vətəndaşlıq vəziyyəti şöbəsinin baş məsləhətçisi, ədliyyə müşaviri Firuzə Nəbiyeva tələbələrə mövzu ilə əlaqədar ətraflı məlumat verib, onların suallarını cavablayıb.
Qeyd edilib ki, hüquqi mənada ailə özündə hüquqi əlaqəni əks etdirir. Ailə hüququ isə milli hüququn bir sahəsi olub, Konstitusiyada nəzərdə tutulan əsas insan və vətəndaş hüquqlarına və azadlıqlarına uyğun olaraq ailə münasibətlərinin yaranmasının və möhkəmlənməsinin, onlara xitam verilməsinin prinsiplərini, ailə münasibətlərinin iştirakçılarının hüquq və vəzifələrini, dövlət orqanlarının bu sahədə vəzifələrini, habelə vətəndaşlıq vəziyyəti aktlarının qeydə alınması qaydalarını tənzimləyən normaları müəyyən edir.
İdarənin Vətəndaşlıq vəziyyəti aktları arxivinin məsləhətçisi Ülviyyə Kərimli tələbələrə arxiv sənədlərinin qorunması qaydası barədə danışıb və onları arxivlə tanış edib.