“Akkord” Özbəkistanda yol tikintisini davam etdirir
Bakı, 10 noyabr (AZƏRTAC) “Akkord” Korporasiyasının Orta Asiya regionunda icra etdiyi ikinci böyük və əhəmiyyətli layihə M-39 Daşkənd-Termez avtomobil yolunun rekonstruksiyasıdır.
Korporasiyasının mətbuat xidmətindən AZƏRTAC-a bildirmişlər ki, Özbəkistan Maliyyə Nazirliyinin nəzdindəki Yol Fondu tərəfindən elan edilmiş tenderdə qalib gəlmiş “Akkord Sənaye Tikinti İnvestisiya Korporasiyası” ASC 2012-ci ilin iyul ayında bu ölkədə “Akkord Stroy Montaj” törəmə müəssisəsini rəsmi qeydiyyatdan keçirmiş və Termez şəhərində daimi ofis və düşərgə yaratmışdır.
M-39 Daşkənd-Termez avtomobil yolu Böyük İpək Yolunun bir hissəsi olmaqla 1500 kilometrlik bir məsafədə Almatı, Bişkek, Daşkənd və Termez şəhərlərini birləşdirir və buradan Əfqanıstan ərazisinə doğru uzanır. Layihə Türkiyənin “ProYapı” şirkəti tərəfindən işlənilmişdir, məsləhətçi qismində isə “Temelsu” şirkəti çıxış edir.
“Akkord”un bu layihə üzrə yenidən qurduğu asfalt örtüklü yolun ümumi uzunluğu iki lot üzrə 100 kilometrdir. Yolda 36 körpü, 77 suötürücü və heyvan keçidi tikiləcəkdir. Bu körpülərdən ən uzunu Sayrob çayı üzərində salınması nəzərdə tutulan 133 metrlik körpüdür.
Layihənin icrası üçün əraziyə 170 texnika, 230-a yaxın mütəxəssis və işçi heyəti cəlb edən “Akkord” yolun tikintisinə bu il may ayının sonlarında başlamışdır. Torpaq işləri ilə eyni vaxtda yolun Surxandərya vilayətinin Şerobod rayonu ərazisindən keçən hissəsinə yaxın ərazidə zəruri zavodların, tikinti düşərgəsinin və istehsalat bazasının da təməli qoyulmuşdur. Ümumilikdə, layihə vilayətin Derbent, Baysun, Şerobod, Muzrabot və Anqor rayonlarını əhatə edir.
Ötən müddət ərzində yolun xüsusilə mürəkkəb dağlıq hissələrində bir milyon kubmetrdən artıq həcmdə torpaq işləri görülmüşdür. Bəzi yerlərdə sərt relyefə malik hissələrin və qayalıqların partlatma üsulu ilə təmizlənməsi işləri aparılmışdır. Hazırda yolun 42 kilometrlik hissəsində torpaq-bərkitmə işləri görülür. Ərazidə tikilmiş beton və daşdoğrayan, həmçinin asfalt zavodlarında Türkiyə və İtaliya istehsalı olan avadanlıqlar quraşdırılmışdır. Mexaniki zavod isə Qazaxıstan Respublikasından gətirilmişdir. Hazırda körpülərin tikintisində istifadə olunacaq dəmir-beton konstruksiyaların istehsalı üçün dəmir beton konstruksiyalar zavodu inşa edilir.
İlin sonunadək yolun 25 kilometrədək hissəsinə asfalt salınması nəzərdə tutulmuşdur.