ALİ MƏKTƏBLƏRƏ IV İXTİSAS QRUPU ÜZRƏ KEÇİRİLƏN QƏBUL İMTAHANININ NƏTİCƏLƏRİ AÇIQLANMIŞDIR
Tələbə Qəbulu üzrə Dövlət Komissiyasından (TQDK) AZƏRTAC-a bildirmişlər ki, 2008-2009-cu tədris ili üçün ölkənin ali məktəblərinin IV ixtisas qrupuna iyulun 20-də keçirilən qəbul imtahanının nəticələri iyulun 22-də saat 14.00-da TQDK-nın internet saytında yerləşdirilmişdir.
İmtahanda 15 min 873 abituriyent iştirak etmişdir. Bu ixtisas qrupu üzrə 3 min 459 plan yeri nəzərdə tutulmuşdur (Azərbaycan bölməsində 2048, rus bölməsində 316, birgə müsabiqə aparılan ixtisaslar üzrə 1095 yer).
Test imtahanının nəticələrinə əsasən 4 min 179 abituriyent müsabiqədə iştirak etmək hüququ qazanmışdır. Azərbaycan bölməsində 70, rus bölməsində isə 13 abituriyent 650-700 bal arasında nəticə göstərmişdir.
Müsabiqəyə IV ixtisas qrupunda ümumi balı 250-dən və hər bir imtahan fənni üzrə ayrılıqda topladığı nisbi balı 10-dan az olmayan abituriyentlər buraxılırlar.
Abituriyentlər imtahan nəticələri barədə məlumatı, həmçinin, mobil telefonla “İmtahancell” xidməti vasitəsilə öyrənə bilərlər. Hər bir abituriyent öz imtahan nəticələrinə dair məlumat vərəqini internet vasitəsilə əldə edə bilər.
Qəbul imtahanı verən və orta ixtisas məktəbinə daxil olmaq istəyən abituriyentlər üçün ixtisas seçimi ali məktəblərə yerləşdirmənin nəticələri elan olunduqdan sonra internet vasitəsilə aparılacaqdır. Həmin ixtisasların siyahısı “Abituriyent” jurnalında dərc olunacaqdır.