ALİ MƏKTƏBLƏRƏ İXTİSAS SEÇİMİ AVQUSTUN 5-DƏK İNTERNET VASİTƏSİLƏ APARILACAQDIR
Tələbə Qəbulu üzrə Dövlət Komissiyası (TQDK) tərəfindən 2008-2009-cu tədris ili üçün ölkənin ali məktəblərinə keçirilən qəbul imtahanları başa çatmışdır.
TQDK-dan AZƏRTAC-a bildirmişlər ki, müsabiqə şərtlərini ödəyən abituriyentlər avqustun 5-dək internet vasitəsilə ixtisas seçimi aparacaqlar.
İxtisas seçimində I, II və IV ixtisas qruplarında ümumi balı 250-dən, III ixtisas qrupunda isə 300-dən az olmayan abituriyentlər iştirak edə bilərlər. Bu zaman abituriyentin hər bir imtahan fənni üzrə ayrılıqda topladığı nisbi balı 10-dan az olmamalıdır.
Ümumi balı 350 və daha çox olan abituriyentlərin müsabiqəyə buraxılmaları üçün onların fənlər üzrə cavablarına nisbi bal məhdudiyyəti tətbiq olunmur.
İxtisas seçimi mərhələsində abituriyentlər qəbul olunmaq istədikləri ixtisasları seçib onların kodlarını “Abituriyentin elektron ixtisas seçimi ərizəsi”nə daxil etməlidirlər (qəbul aparılan ixtisasların siyahısı “Abituriyent” jurnalının 3-cü nömrəsində dərc olunmuşdur).
“Abituriyentin elektron ixtisas seçimi ərizəsi” ilə işləmək üçün abituriyent məlumatların təhlükəsizliyini təmin etmək məqsədi ilə özü üçün 1000-9999 intervalında olan ixtiyari 4 rəqəmli parol müəyyənləşdirir. Bu parol abituriyentin öz elektron ixtisas seçimi ərizəsinə hər dəfə daxil olub işləmək istədikdə, proqram tərəfindən soruşulacaqdır. Abituriyent parolunu unutmamalı və məxfi saxlamalıdır.
Abituriyent www.tqdk.gov.az internet saytında yerləşdirilmiş ixtisas seçiminə aid linkə (və ya www.tqdk.gov.az/ali2008/pageparol.aspx internet ünvanına) daxil olur.
Açılmış səhifədə müvafiq sahələrə iş nömrəsini və şifrəsini daxil edib “Daxil ol” düyməsini basır. İş nömrəsi və şifrə düzgün daxil edildikdə ekranda “Parolunuzu daxil edin” və “Parolunuzu təkrar daxil edin” sahələri açılır. Abituriyent bu sahələrə 4 rəqəmli parolu daxil edir və “Növbəti” düyməsini basır. Bundan sonra abituriyentin iş nömrəsi, soyadı, adı, atasının adı, bölməsi, ixtisas qrupu, imtahan verdiyi xarici dil, imtahan fənlərindən topladığı nisbi ballar, ümumi balı əks olunan yeni səhifə açılır. Bu səhifəyə ixtisas kodlarını daxil etmək üçün nəzərdə tutulmuş 8 boş sahə yerləşdirilmişdir. Abituriyent qəbul olunmaq istədiyi 8-dək ixtisasın kodunu istəyinə uyğun ardıcıllıqda müvafiq sahələrə daxil edir.
İxtisas kodlarını daxil etdikdən sonra “Yadda saxla” düyməsini basır. İxtisas kodu düzgün daxil edilibsə, kodun qarşısında ona uyğun olan təhsil müəssisəsinin və ixtisasın adı, təhsil forması və ixtisasın dövlət hesablı və ya ödənişli olması barədə məlumat proqram tərəfindən göstərilir. Səhv olan ixtisas kodunun qarşısına səhvin mahiyyəti barədə məlumat çıxır.
“Abituriyentin elektron ixtisas seçimi ərizəsi”ni təsdiqləyənədək öz ərizəsinə təkrar müraciət etməklə seçdiyi ixtisasların siyahısında dəyişikliklər apara bilər.
Abituriyent seçimini dəqiqləşdirdikdən sonra “Təsdiq et” düyməsini basmaqla elektron ərizəni təsdiqləyir. “Təsdiq et“ düyməsi basıldıqda proqram abituriyentə bundan sonra düzəliş aparmağa imkan verilməyəcəyi barədə xəbərdarlıq edir və seçim üçün “Təsdiq” və “İmtina” düymələrindən birini basmağı təklif edir. Abituriyent “İmtina” düyməsini basmaqla təsdiqdən imtina edib elektron ərizədə yenidən düzəliş apara bilər. Əgər abituriyent “Təsdiq” düyməsini basarsa, elektron ərizə təsdiqlənir və bundan sonra elektron ərizədə düzəliş etməyə imkan verilmir.
Bu il 27 dövlət, 15 özəl ali təhsil müəssisəsinə, ümumilikdə 28 min 132 plan yerləri nəzərdə tutulmuşdur. Onlardan 24 min 211-i dövlət, 3 min 921-i özəl ali məktəblərin payına düşür.
Azərbaycan bölməsi üzrə 20419, rus bölməsi üzrə 3549, birgə müsabiqə üzrə isə 4164 plan yeri ayrılmışdır.
Test imtahanının nəticələrinə əsasən 34 min 346 abituriyent müsabiqədə iştirak etmək hüququ qazanmışdır.
Azərbaycan Respublikası ilə Türkiyə arasında hərbi təhsil sahəsində bağlanmış müqaviləyə əsasən, 4 nəfər gəncin 2008-2009-cu tədris ilində Türkiyənin Gülhanə Hərbi Tibb Akademiyasının ali tibb fakultəsinə təhsil almağa göndərilməsi planlaşdırılmışdır. Bu məqsədlə cari ildə ali məktəblərin IV ixtisas qrupu üzrə qəbul imtahanlarında 600-dən yuxarı bal toplamış, 19 yaşınadək olan oğlan abituriyentlər arasında müsabiqə keçiriləcəkdir. Müsabiqə zamanı abituriyentlər hərbi həkim komissiyasından da keçəcəklər.