ALİ MƏKTƏBLƏRƏ QƏBUL OLUNANLARIN ADLARI AÇIQLANMIŞDIR
Tələbə Qəbulu üzrə Dövlət Komissiyasından (TQDK) AZƏRTAC-a bildirmişlər ki, 2008-2009-cu tədris ili üçün respublikanın ali məktəblərinə keçirilən qəbul imtahanları nəticəsində müsabiqə şərtlərini ödəyən abituriyentlərin internet vasitəsilə ixtisas seçimi avqustun 5-də gecə saat 00:00-da başa çatmışdır.
Ali təhsil müəssisələrinə yerləşdirmənin nəticələri avqustun 6-da saat 16.00-da TQDK-nın internet saytında verilmişdir. Abituriyentlər ali məktəblərə qəbul olunub-olunmamaları barədə məlumatı mobil telefonla “İmtahancell” xidməti vasitəsilə də öyrənə bilərlər. Bunun üçün onlar iş nömrələrini 7727 nömrəsinə göndərməlidirlər.
Bu il ali məktəblərə ayrılmış 28 min 132 plan yerinə 26 min 571 nəfər qəbul olunmuşdur. Ali təhsil müəssisələrinə qəbul olunanların siyahısı avqustun 7-də “Abituriyent” jurnalının 5-ci nömrəsində dərc ediləcəkdir.
Tələbə adını qazananlar avqustun 11-dən 21-dək sənədlərini daxil olduqları təhsil müəssisəsinə təqdim etməli, TQDK tərəfindən ali məktəblərə təqdim olunmuş “qəbul olunanların siyahısı”nda imza etməklə qeydiyyatdan keçməlidirlər. Müəyyən edilmiş müddətdə qeydiyyatdan keçməmək abituriyentin müvafiq ixtisasa yerləşdirilməsindən imtina etməsi kimi qiymətləndiriləcək və onun qəbul haqqında əmri ali məktəbə göndərilməyəcəkdir.