ALİ MƏKTƏBLƏRİN MAGİSTRATURA PİLLƏSİNƏ QƏBUL İMTAHANI KEÇİRİLMİŞDİR
Tələbə Qəbulu üzrə Dövlət Komissiyası iyunun 22-də (TQDK) 2008-2009-cu tədris ili üçün Azərbaycan Respublikası ali məktəblərinin magistratura pilləsinə Bakı və Naxçıvan şəhərlərində qəbul imtahanı keçirmişdir.
TQDK-dan AZƏRTAC-a bildirmişlər ki, bu il magistratura pilləsinə nəzərdə tutulmuş 4 min 809 plan yerinə 15 min 124 bakalavr sənəd vermişdir. Onlardan 13 min 230 nəfəri Azərbaycan bölməsinin, 1894 nəfəri isə rus bölməsinin məzunudur.
İmtahanda bakalavrlara sualları cavablandırmaq üçün 2 saat 30 dəqiqə vaxt verilmişdir. Onlara məntiqi təfəkkürün yoxlanılması üzrə 50, xarici dil fənni üzrə 20, ixtisas üzrə 30 test tapşırığı təqdim olunmuşdur. Hər bir doğru cavab 1 balla, səhv cavablar isə 0 balla qiymətləndirilir. Yanlış cavabların nəticəsi doğru cavabların nəticəsinə təsir etmir.
Təhsili ödənişsiz və ödənişli əsaslarla olan ixtisaslar üzrə müsabiqəyə ümumi balı 50-dən az olmayan bakalavrlar buraxılırlar. Bu zaman onların məntiqi təfəkkürünü yoxlayan testdən topladığı bal 17-dən, ixtisas üzrə (testdən, essedən, tərcümədən, suallara yazılı cavabdan) topladığı bal 10-dan, xarici dili bilmə səviyyəsini yoxlayan testdən topladığı bal 7-dən (tədrisi ingilis dilində olan ixtisaslar üzrə müsabiqəyə buraxılmaq üçün ingilis dilindən topladığı bal 16-dan) az olmamalıdır.
Ümumi balı 65-dən çox olan bakalavrların müsabiqəyə buraxılması üçün məntiqi təfəkkür və xarici dil üzrə (tədrisi ingilis dilində olan ixtisaslar üzrə müsabiqə istisna olmaqla) toplanılan ballara qoyulan məhdudiyyətlər götürülür.
İmtahanın nəticələri www.tqdk.gov.az internet səhifəsində veriləcəkdir.