ALİ TƏHSİL MÜƏSSİSƏLƏRİNƏ II İXTİSAS QRUPU ÜZRƏ QƏBUL İMTAHANININ NƏTİCƏLƏRİ AÇIQLANMIŞDIR
Tələbə Qəbulu üzrə Dövlət Komissiyasından (TQDK) AZƏRTAC-a bildirmişlər ki, 2008-2009-cu tədris ili üçün Azərbaycan Respublikası ali məktəblərinin II ixtisas qrupuna iyulun 14-də keçirilən qəbul imtahanının nəticələri iyulun 16-da saat 17-30-da TQDK-nın internet saytında yerləşdirilmişdir.
İmtahanda 20 min 850 abituriyent iştirak etmişdir.
II ixtisas qrupu üzrə 7 min 496 plan yeri nəzərdə tutulmuşdur. (Azərbaycan bölməsində 5164, rus bölməsində 1141, birgə müsabiqə aparılan ixtisaslar üzrə 1191 yer).
Test imtahanının nəticələrinə əsasən 7 min 701 abituriyent müsabiqədə iştirak etmək hüququ qazanmışdır (Azərbaycan bölməsi üzrə 6333, rus bölməsi üzrə 1368 nəfər).
Azərbaycan bölməsində 122, rus bölməsində isə 10 abituriyent 650-700 bal arasında nəticə göstərmişdir.
İxtisas seçimi iyulun 25-dən avqustun 5-dək internet vasitəsilə aparılacaqdır. Qəbul aparılan ixtisasların siyahısı “Abituriyent” jurnalının 3-cü nömrəsində dərc olunmuşdur. Müsabiqəyə II ixtisas qrupunda ümumi balı 250-dən və hər bir imtahan fənni üzrə ayrılıqda topladığı nisbi balı 10-dan az olmayan abituriyentlər buraxılırlar.
Abituriyentlər imtahanın nəticələri barədə məlumatı, həmçinin, mobil telefonla “İmtahancell” xidməti vasitəsilə, iş nömrələrini 7727 nömrəsinə göndərməklə öyrənə bilərlər. Hər bir abituriyent öz imtahan nəticələrinə dair məlumat vərəqini internet vasitəsilə əldə edə bilər.
Qəbul imtahanı verən və orta ixtisas məktəbinə daxil olmaq istəyən abituriyentlər üçün ixtisas seçimi ali məktəblərə yerləşdirmənin nəticələri elan olunduqdan sonra internet vasitəsilə aparılacaqdır. Həmin ixtisasların siyahısı “Abituriyent” jurnalında dərc ediləcəkdir.