İQTİSADİYYAT
Alman şirkətlərinin sənaye zonalarına investisiya yatırması imkanları müzakirə edilib
Bakı, 1 noyabr, AZƏRTAC
Almaniyanın Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Ralf Horlemann ilə İqtisadi Zonaların İnkişafı Agentliyinin (İZİA) İdarə Heyətinin sədri Elşad Nuriyev arasında Sumqayıt Kimya Sənaye Parkında görüş keçirilib.
İZİA-dan AZƏRTAC-a bildirilib ki, agentliyin İdarə Heyətinin sədri Elşad Nuriyev ölkədə fəaliyyət göstərən sənaye zonaları və aqroparklar, burada sahibkarlar üçün yaradılmış investisiya mühiti, tətbiq edilən vergi və gömrük güzəştləri barədə məlumat verib, sənaye zonalarının təqdimatı olub. Eyni zamanda, səfirlik əməkdaşları İqtisadi Zonaların İnkişafı Agentliyinin Peşə Təhsil Mərkəzi barədə məlumatlandırılıb. Diqqətə çatdırılıb ki, mərkəzin tədris prosesində Almaniya təcrübəsindən istifadə edilir. Hazırda Mərkəzdə “İnformasiya kommunikasiya texnologiyaları üzrə texnik” ixtisasında dərslər Almaniya kurikulum təhsil sistemi əsasında tədris olunur.
Azərbaycanın logistik imkanlar baxımından çox əlverişli ərazidə yerləşdiyini vurğulayan Səfir Ralf Horlemann ölkəsinin Azərbaycanla əlaqələrin inkişafında maraqlı olduğunu diqqətə çatdırıb, əməkdaşlığın inkişafı perspektivləri barədə fikirlərini bölüşüb.
Görüşdə alman şirkətlərinin sənaye zonalarına investisiya yatırması, sənaye zonalarında fəaliyyət göstərən istehsal müəssisələrində alman texnologiyasının tətbiqinin genişləndirilməsi, İZİA-nın nəzdində Peşə Təhsil Mərkəzinin tədris prosesində Almaniya təcrübəsindən istifadə edilməsi imkanlarına dair müzakirələr aparılıb.
Sonra səfirlik əməkdaşları Peşə Təhsil Mərkəzinin fəaliyyəti, Sumqayıt Kimya Sənaye Parkının rezidenti “Azerfloat” QSC-nin Vərəqə şüşə istehsalı müəssisəsində gedən istehsal prosesi ilə tanış olublar. Diqqətə çatdırılıb ki, zavodda 135 illik təcrübəyə malik “HORN Glass Industries AG” alman şirkətinin texnologiyasından istifadə edilir.