Almaniyanın müxtəlif şəhərlərində Xocalı faciəsinin ildönümü ilə bağlı anım tədbirləri keçirilir
Berlin, 25 fevral (AZERTAC). Azərbaycan Tələbə Şəbəkəsi (ASN) Berlindəki “Türk Alperen Ocakları” təşkilatı ilə birlikdə Xocalı soyqırımının 22-ci ildönümü ilə əlaqədar tədbir keçirmişdir.
Tədbirdə faciə ilə bağlı sənədli film nümayiş etdirilmişdir.
ASN-in baş katibi Elşən İsmayılov və tarixçi Ali Şen tədbirdə Xocalı soyqırımı ilə bağlı çıxış etmişlər.
ASN, həmçinin Ludviqsburq şəhərində yerli Türk Tələbə Təşkilatı ilə birgə Xocalı soyqırımına həsr olunmuş anım mərasimi keçirmişdir. Mərasimdə Şəbəkənin icraçı direktoru İbrahim Əhmədov, Ludviqsburq Türk Tələbə Təşkilatının sədri Hakan Çakıl, tələbələr faciə ilə bağlı fikirlərini bölüşmüşlər.
Tədbirdə Xocalı faciəsi ilə bağlı sənədli film nümayiş etdirilmişdir. Baden Vürttemberq əyalətində fəaliyyət göstərən bir sıra tələbə təşkilatlarının sədrləri də bu tədbirdə iştirak etmişlər.
Tədbirdə Azərbaycan Tələbə Şəbəkəsi tərəfindən sərgi də təşkil edilmişdir. Qonaqlara Azərbaycan mədəniyyətini və tarixini əks etdirən kitablar paylanmışdır.
Bundan başqa, Azərbaycan Tələbə Şəbəkəsinin təşkilatçılığı ilə Berlindəki Qottfried-Benn kitabxanasının həyətində Xocalı şəhidlərinin xatirəsinə ucaldılmış abidə ziyarət olunmuşdur.
Sonra ASN-nin Berlində yerləşən ofisində Xocalı soyqırımına həsr olunmuş sənədli film nümayiş etdirilmişdir.
Azərbaycanın Almaniyadakı səfirliyinin ikinci katibi Nurçin Əliyev filmin təqdimatından sonra çıxış edərək Xocalıda baş vermiş dəhşətli hadisələr haqqında danışmışdır.
İştirakçılara Xocalı faciəsi ilə bağlı broşürlər, jurnallar və kitablar paylanmışdır.
Vüqar Seyidov
AZƏRTAC -ın xüsusi müxbiri
Berlin