Almaniyanın Zigen şəhərində Alman-Azərbaycan tibb forumu başlamışdır
Zigen, 6 sentyabr (AZƏRTAC). Almaniyanın Zigen şəhərində azərbaycanlı həkimlərin və bu ölkədə tibb sahəsində təhsil alan tələbələrin forumu başlamışdır.
Dörd gün davam edəcək forum Zigen şəhərinin Müqəddəs Məryəm Xəstəxanası, Azərbaycan Respublikasının Milli Onkoloji Mərkəzi, Alman Akademik Mübadilə Xidməti (DAAD), Azərbaycan Tibb Universiteti, Alman-Azərbaycan Tibb Əməkdaşlığı Assosiasiyası (GAMCA) və “Vitta Medical Systems” şirkəti tərəfindən birgə təşkil olunmuşdur.
Azərbaycanın Almaniyadakı səfiri Pərviz Şahbazov tədbirdə çıxış edərək ölkələrimiz arasında əlaqələrin inkişafından danışmış, Zigen şəhəri ilə keçən əsrin 90-cı illərində başlanmış akademik mübadilənin vacibliyini qeyd etmişdir. Zigendə 50-dən çox azərbaycanlı tələbənin olduğunu vurğulayan səfir ölkəmizin Almaniyanın bu şəhəri ilə təhsil sahəsində uğurlu əməkdaşlığını yüksək qiymətləndirmişdir.
Forum iştirakçılarına ölkəmizdə səhiyyə və təhsil sahələrində aparılan islahatlar barəsində ətraflı məlumat verilmiş, bu prosesin Prezident İlham Əliyevin xüsusi nəzarətində olduğu bildirilmişdir. Qeyd olunmuşdur ki, Azərbaycan dövlətinin başçısının məqsədyönlü siyasəti nəticəsində ölkəmizdə son illər ərzində 400-dən çox xəstəxana, diaqnostika mərkəzi və klinika tikilmiş və ya əsaslı təmir olunmuşdur.
Tədbirdə Zigen şəhərinin meri Ştefan Müs, Almaniya Bundestaqının deputatı xanım Helga Daub, Azərbaycan Respublikası Milli Məclisinin deputatları Qənirə Paşayeva və Ceyhun Osmanlı, Zigen Universitetinin rəhbərliyi, Alman-Azərbaycan Tibb Əməkdaşlığı Assosiasiyasının həmsədrləri - professorlar Qurban Müslümov və Frank Villeke, səhiyyə üzrə mütəxəssislər, alman və azərbaycanlı həkimlər, tələbələr çıxış etmişlər.
Forum çərçivəsində Zigen meriyasında qəbul təşkil olunmuşdur.
Səfir Pərviz Şahbazov Azərbaycanın tibb işçiləri adından, üstündə Zigen şəhərinin emblemi olan xalçanı şəhər meriyasına hədiyyə etmişdir.
Vüqar Seyidov
AZƏRTAC-ın xüsusi müxbiri
Zigen