ALTI ÖLKƏNİN TELEŞİRKƏTLƏRİ “HƏRB VƏ SÜLH” FİLMİNİN ÇƏKİLİŞİNƏ BAŞLAMIŞLAR
Büdcəsi 26 milyon avro olan layihəyə Rusiya telekanallarından biri, habelə Almaniya, Fransa, Polşa və İspaniya teleşirkətləri cəlb olunmuşdur. Çəkilişlər Litvada başlanacaq, sonra isə Sankt-Peterburqda aparılacaqdır.
“Lyuks Vide”nin rəhbəri xanım Matilde Bernabei demişdir ki, İtaliya bu möhtəşəm layihənin həyata keçirilməsinə çoxdan çalışırdı. Film üzərində əla beynəlxalq çəkiliş qrupu işləyəcəkdir. Rus klassik ədəbiyyatının şah əsəri ingilis dilində çəkilməlidir.
Serialın rejissoru Robert Dornhelmdir, ssenarini italyanlar Enriko Medioli və Lorentso Favella yazmışlar. Nataşa Rostova rolunu gənc fransız aktrisası Klemens Poezi, knyaz Andrey Bolkonskinin cavanlığını italyan Alessio Boni, qocalığını Malkolm Makdauell, Pyer Bezuxovu alman Aleksander Beyer oynayacaqlar.
Çəkilişlər təxminən beş ay davam edəcəkdir. Filmin ilk tamaşası 2007-ci ildə İtaliyada RAİ şirkətinin birinci kanalında olacaqdır.
Xatırladaq ki, “Hərb və sülh” romanının 1956-cı ildə rejissor Kinq Vidor və prodüser Dino de Laurentis tərəfindən çəkilmiş kinoversiyası dünya şöhrəti qazanmışdır. Bu filmdə baş rollarda Odri Həpbörn, Mel Ferrer və Henri Fonda çəkilmişlər. 1957-ci ildə bu ABŞ filmi “Oskar” mükafatına təqdim edilmiş, lakin bu mükafat təxminən on il sonra görkəmli sovet rejissoru Sergey Bondarçukun çəkdiyi filmə verilmişdir.